"Yalandan niyə deyim ki..."

7 İyun 2020 11:20 Digər növlər 822
"Yalandan niyə deyim ki..."

Bəzi ölkələrdə futbol üzrə daxili çempionatların azarkeşsiz keçirilməsi şərti ilə bərpa olunduğunu istisna etsək, koronavirus pandemiyasının təsiri ilə idmanda yaranmış durğunluq dövrü hələ də davam edir.

Uzun zamandır dəyişməyən qeyri-müəyyənlik fonunda qarşıdakı aylarda keçirilməsi planlaşdırılan əhəmiyyətli yarışların taleyi də ciddi sual altındadır.

Odur ki, təəssüf, yeni qaliblərlə görüşünüzə gələ bilmirik. Ancaq yaxın tarix imkan verir ki, karantin günlərində də oxucularımızın qarşısında əliboş qalmayaq.

Məsələn, dünyamızın öz axarı ilə davam etdiyi əvvəlki il idmanımız adına bir elə uğurlu hesab olunmasa da, bəzi növlərdə kifayət qədər əlamətdar hadisə ilə xatirələrə yazıldı. Bu mənada nəzəri, ilk olaraq şahmat və atletika cəlb edir.

Yadınızdadırsa, ötən ilin yazı ərəfəsində, daha doğrusu, mart ayında hamımız böyük sevinc içərisində idik. Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən atletika üzrə qapalı məkanda Avropa çempionatından gələn tarixi qələbə xəbərinin doğurduğu rezonans uzun müddət effektini itirmədi, çempion Nazim Babayevin haqqında danışıldıqca danışıldı.

Axı biz uzun illər idi ki, atletika uğurlarına ac idik. Hətta ölkə mediasında zaman-zaman "nə futbol, nə də atletika bizlik deyil" kimi fikirlər səsləndirilib. Belədə, "idmanın kraliçası"nda əldə olunan istənilən nailiyyətə yer ayırıb, təbliğat aparmaqda bir zərər yoxdur ki, böyük fayda var.

Həm də nəzərə alaq ki, atletika bizdə tək Babayevdən ibarət deyil. Müəyyən aralarla diqqət çəkən gənc və perspektivli atletlərimiz olub. Yeniyetmələr arasında Avropa çempionatının və digər beynəlxalq yarışların mükafatçısı Rüstəm Məmmədov kimi.

Akrobatikadan həndbola qədər

2001-ci ildə Bakıda dünyaya gələn, 12 yaşında atletikaya yazılan Rüstəmin, az qala, bütün yaxın qohumları idmanla məşğul olub. Onların arasında boksçu da var, həndbolçu da, kartinqçi də. 277 saylı idman təmayüllü məktəbdə təhsil alan, hələ lap uşaq ikən akrobatikaya gedən, bir neçə ilini həndbola həsr edən, içindəki futbol sevgisini də peşəkar məşqlərə daşıyan Rüstəm, nəhayət, anasının yolunu tutmaq qərarına gəlib. Belə ki, onun anası Tatyana Polyukova uzun illər uzunluğa və üçtəkanla tullanma ilə məşğul olaraq, SSRİ miqyasında müəyyən nəticələr qazanıb. Ancaq tullanmalar üzrə idmançıların üzləşdiyi sıx zədə səbəbindən, karyerasını erkən bitirmək məcburiyyətində qalıb.

Vaxt, məqam yetişəndə, Rüstəm "Anamın yarımçıq qalan arzularını həyata keçirəcəyəm" deyib, elə T. Polikovanın dəstəyi ilə Respublika Olimpiya Mərkəzinə üz tutur. Beləcə, Nazim İsrafilovun yanında atletika məşqlərinə başlayır, sonradan Sergey Antipovun yanında davam edir. Azərbaycanda tullanmalar üzrə idman məktəbinin inkişafında böyük xidmətləri olmuş əməkdar məşqçi Aleksandr Antipovun oğlu ilə Rüstəmin beş illik, indiyədək davam edən birgə hazırlıq təcrübəsi var.

Bir il sonra həmin şəhərdə: 86 sm sıçrayış və...

Hündür boyu, çevikliyi, növ üzrə idmançıların dili ilə desək, partlayış qüvvəsi, onu yaşıdlarından fərqləndirirdi. Odur ki, bir ildən bir qədər çox davam edən ümumi məşqlərdən sonra yarışlara çıxan Rüstəm, uzunluğa tullanma üzrə respublika birinciliklərində ilk nəticələrini qazanmağa başlayır: bürünc, gümüş, çox keçmir ki, zirvəyə yüksəlir. Sürətlə nəticələrini yaxşılaşdıran yeniyetmə, bir vaxtdan sonra artıq öz yaşıdları arasında ölkənin ən yaxşısı idi. Beynəlxalq uğurlarına gəldikdə, Məmmədov, 2017-ci ildə Macarıstanın Gyor şəhərində keçirilən Avropa Gənclərinin Yay Olimpiya Festivalında beşinci, bir il sonra qeyd olunan şəhərin ev sahibliyi etdiyi Avropa birinciliyində bürünc medalın sahibi olub. O, AGOF-da 14.30 nəticə göstərmişdisə, AÇ-də bunu nə az, nə çox, 86 santimetr yaxşılaşdırmağı bacarmışdı.

Şəxsi rekordunu cari ilin əvvəlində baş tutan respublika yarışında yeniləyərək, 16.10 metr nəticə göstərən Rüstəm, habelə, Makedoniyada keçirilən qitə liqasında ikincilik qazanıb, fevralda 20 yaşadək atletlər arasında təşkil olunan "International Match”(Belarus, Minsk) turnirində isə bayrağımızı fəxri kürsünün ən yüksək pilləsinə sancıb. 19 yaşlı idmançı 7 illik yüngül atletika karyerası ərzində olimpiada həyəcanı da yaşamağa fürsət tapıb. Belə ki, o, 2018-ci ildə Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizin idman şərəfini qoruyub.

Qaçılmaz "kabus"

Burada haşiyə çıxaraq, məlumatı olmayanlar üçün qeyd edək ki, tullanmalar üzrə idmançılar ən çətin və ya ağır növ hesab edilən "üçtəkan"adək, adətən bir müddət uzunluğa tullanmada qüvvəsini sınayırlar. Yuxarıda vurğuladığımız kimi, bu, zədəyə həddən artıq meyilli növdür. Ağırlıq əsasən belə düşdüyündən, bədənin bu nahiyəsindən ağır zədə almaq ehtimalı böyükdür. İşini nə qədər ehtiyatlı tutsan da, səni qarabaqara təqib edən xəsarətlərdən qaça bilmirsən. Zamanla, Rüstəm belə sınaqlarla üz-üzə qalsa da, hər dəfə onlardan başıuca çıxmağı bacarıb. Təbii ki, xarakteri, ən başlıcası, işinə olan yenilməz sevgisi sayəsində.

Neytral

"Tokio 2020"-nin bir il müddətinə təxirə salınmasına üzülənlər qədər, sevinənlər də çoxdur. Əlbəttə, söhbət idmançılardan gedir. Lisenziya normativini yerinə yetirə bilməyənlər üçün bu, indiki halda əlavə şans deməkdir. Bəs Rüstəmlə bağlı vəziyyət necədir?

Dediyindən belə qənaətə gəldik ki, o, buna neytral yanaşır: "İki-üç il əvvələ qədər bununla bağlı sual versəydiniz, deyərdim, hə, hədəf Tokiodur. Ancaq təəssüf, alınmadı. İndi yalandan niyə deyim ki, bacara bilərəm? Bu, mümkün deyil. Hədəf Parisdir. Növbəti olimpiya dövrü ərzində əlimdən gələni edəcəyəm ki, ora düşüm. Fransaya sıradan biri olaraq yox, iddialı idmançı kimi getmək istəyirəm".

"İnkişaf üçün bu, çox vacibdir"

Azərbaycanda yüngül atletika deyərkən, ilk yada düşən ad şübhəsiz, Türkiyə bayrağı altında dünya və Avropa çempionluğu qazanan millimizin sabiq üzvü Ramil Quliyevdir. O Quliyev ki, 200 metr məsafəyə qaçış üzrə yarışda dünyaca məşhur rəqiblərini geridə qoyub, London arenasını fəth edəndə,

hər birimiz qarışıq duyğular içərisində idik. İndi də ondan söz açmağımız əbəs deyil. Sual yaranır ki, Rüstəm Azərbaycandakı ab-havadan razıdırmı?

- İndi işin maddi tərəfini, demək olar, heç düşünmürəm. Normal məşq etmək üçün kifayət edəcək qədər şərait, imkan var. İstisna deyil ki, sonrakı dövrdə ölkə xaricində hazırlaşım. İnkişaf üçün bu, çox vacibdir. Ancaq o halda belə, təmsil etdiyim ölkəni dəyişməyəcəyəm. Bayraq, himn mənim bir nömrəli motivasiya mənbəyimdir.

"Ən böyük dəstəkçim anamdır" deyir. T. Polyukovanın yarımçıq qoyduğu işi uğurla davam etdirdiyini düşünsə də, hələ qarşısına qoyduğu məqsədlərin lap cüzi hissəsinə çatdığını etiraf edir: "Qısa vaxtda daha çox iş görmək mümkündür. Ancaq birdən-birə çox yüklənmək fəsadlar törədir. Özüm zədəyə çox meyilliyəm. Məşqçim də o fikirdədir ki, hər şey mərhələ-mərhələ olsun".

Kumirinin kimliyi bizi qəti təəccübləndirmir. Çünki bu, olimpiya, dünya çempionu, dünya rekordçusu Conatan Edvardsdır. 25 ildir yenilənməyən 18.29 metrlik rekordun sahibindən başqa, qapalı məkanda ikiqat dünya çempionu və ikiqat olimpiya vitse-çempionu Uil Kleyin çıxışlarını heyranlıqla izlədiyini deyir: "İllərdir izləyib sevdiyim atletlərin sayı çoxdur, əslində. Ancaq elə yaş dövründəyəm ki, gərək mən yavaş-yavaş kimlərinsə kumiri olmaq haqqında düşünüm".

Portret

Ümumiləşdirsək, Rüstəm Azərbaycanın üçtəkanla tullanma üzrə idmançıları arasında ikincidir. Bəli, o, sadəcə, təcrübəli Nazim Babayevdən geri qalır. Açığı, yaş üzrə nailiyyətləri arasında paralel aparsaq, yenə də Babayevin ciddi üstünlüyünün olduğunu görərik. Bununla belə, Rüstəm titullu komanda yoldaşının nəticələrini təkrarlamaqla kifayətlənmək niyyətində deyil. "Motivasiya sarıdan heç vaxt korluq çəkməmişəm" deyən istedadlı atlet, özünü istənilən səviyyədə sübut edəcəyinə əmindir: "Başladığın işi yarımçıq qoymaq, mənə görə, ən üzücü haldır. Nə qədər ki, canımda can var, idmanda olacağam".

Sahib Əsədbəyli

Digər Xəbərlər
Xəbər Lenti