«Qəbələ» rəhbərliyi əl-ayağa düşüb, araşdırmaya başlayıblar.
Yatıb-yatıb indi ayılıblar ki, komanda yenidən üzüaşağı gedir, prosesi durdurmaq lazımdır.
Buna görə «Sabah»a minnətdar olmalıdırlar. «Bayquşlar» 7:1-lə gözlərini açdı, deyəsən. Yoxsa Kaxaber Sxadadzenin onları hara apardığını görmürdülər, yaxud görmək istəmirdilər.
Bir də gözlərini açdılar ki, yox, a kişi, biz uçurumun biraddımlığındayıq.
«Qəbələ» Premyer Liqadan aşağı yuvarlanmayacaq. Ən pis ssenaridə 11-ci yer onlarındır.
«Karvan» da gəlib «Qəbələ»ni keçsə, gərək klubun rəhbərliyi bir nəfər kimi istefa versin, birkərəmlik futbol ailəsindən ayrılsın, növbəti dəfə geri qayıtmasın.
Kaxaber Sxadadze xoflu biridir. Öz kölgəsindən belə çəkinən, onu rəhbərliyin «casus»u sayan baş məşqçilərdəndir.
Şübhə etmirəm ki, gürcü çalışdırıcı «Sabah» önündə qeydə alınan biabırçı hesabı iki-üç futbolçunun «boynuna yükləyəcək».
Günahkar çıxardıqlarını bir müddət əsas heyətdən kənarlaşdıracağını da istisna etmək olmaz.
«Qəbələ»nin başbilənləri Kaxanın başını buraxıb, oyunçuların yaxasından yapışacaqsa, böyük səhv edər.
Və ondan sonra klubun mətbuat katibi Elnur Məmmədli də bəndənizi inandıra bilməz ki, gürcü hoca düz deyir, təqsir yalnız futbolçulardadır.
Komandanı bu vəziyyətdən çıxaracaq yeganə qüvvə rəhbərlikdə təmsil olunan şəxslərdir. Kaxanı kəsib atmalıdırlar bir kənara.
O, nə qədər ki düşərgədədir, «Qəbələ» həminki «Qəbələ» olmayacaq, həmişə aşağılarda sürünəcək.
Müasir gənclik söyüşcül baş məşqçi ilə çalışmağı sevmir, nifrət edir, ona antipatiya bəsləyir.
Hörmətli mənsublar, anlayış göstərin futbolçulara. Hər məşqdə və oyunda təhqiramiz sözlər eşitməkdən beziblər.
ELNUR

