“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandasının Çempionlar Liqasındakı mövqeyi və qarşıdakı oyunlarla bağlı fikirlərini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, almaniyalı çalışdırıcı mətbuat konfransında vəziyyətin çətinliyini etiraf etsə də, komandanın hədəfinin dəyişmədiyini vurğulayıb:
“Tapşırığı addım-addım həll edəcəyik. Məqsədimiz qalan iki matçı qazanıb daha 6 xal toplamaqdır. Hər iki rəqib bizə ciddi problem yarada bilər. Sürəti aşağı salmaq olmaz”.
Kataloniya klubu dünən Frankfurt “Ayntraxt”ını 2:1 hesabı ilə məğlub etsə də, turnir cədvəlində vəziyyət dəyişməyib – komanda hazırda 14-cü pillədə qərarlaşıb.
“Barselona” 6 turdan sonra 12 xal toplayıb və ilk “8-liy”i qapadan komandaları iki xal geridən izləyir.
Hans-Diter Flikin yetirmələri yanvarın 21-də səfərdə Praqa “Slaviya”sı ilə qarşılaşacaq, bir həftə sonra isə doğma meydanda “Kopenhagen”i qəbul edəcək.

