SSRİ-nin bacarmadığını reallaşdıran Azərbaycan və ya inteqrasiyaya aparan yol

15 İyul 2021 19:00 Araşdırma 1 130
SSRİ-nin bacarmadığını reallaşdıran Azərbaycan və ya inteqrasiyaya aparan yol

80-ci illərin əvvəllərində nəhəng dövlət sayılan SSRİ 1990-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün mübarizə aparırdı.

SSRİ bu hüquqa sahib olsaydı, Bakı da çempionatı qəbul edəcək şəhərlər arasında olacaqdı.

Bunun üçün paytaxtda 60 min azarkeş tutumu olan stadion da tikilməli idi. Amma SSRİ bu mübarizədə məğlub oldu, mundialın təşkilat hüququnu İtaliya qazandı. Və beləcə, Bakıda stadionun inşası da təxirə salındı.

İmperiyanın 70 ildə edə bilmədiyini, cəmisi 20 ildə reallaşdırmaq

Çempion

Bu stadion tikildi. Amma SSRİ adlı dövlətdə yox. Azərbaycan müstəqilliyini bərpa edəndə ölkədə, tutumu 30 mindən yuxarı olan bircə stadion vardı. Məlum oldu ki, bu stadion da dünya standartlarından çox geri qalır. Yəni SSRİ-nin 70 ildə Azərbaycan idmanına “bəxş” etdiyi 37 min tutumluq bir stadion idi ki, o da standartlardan xeyli geri qalırdı.

Ümumiyyətlə, bu nəhəng imperiya dağılanda o da aşkar oldu ki, SSRİ bütün sahələrdə inkişaf etmiş dünyadan 30-40 il geri qalır. Təsəvvür edin, pis-yaxşı, müəyyən əlaqələrin olduğu ölkə dağılır, müstəqil dövlətlər yaranır və bəlli olur ki, dünya ilə inteqrasiya üçün heç bir infrastruktur, texnologiya yoxdur.

Üstəlik, imperiyadan miras qalan Qarabağ müharibəsi. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bir milyon insanın ev-eşiyindən, dədə-baba yurdundan didərgin salınması ilə ölkənin 20 faiz hissəsində hər şey dağıdıldı. Və indi gəl belə durumda çıxış yol tap, inkişaf et. Amma tapıldı.

Xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev qurtuluş yolunun xəritəsini çəkməyi bacardı. Və beləcə, Azərbaycanın intibah dövrü başladı. O cümlədən də idman sahəsində. 90-cı illərin əvvəlləri heç, 90-cı illərin sonlarında da kiməsə “Azərbaycanda Avropa çempionatının final mərhələsinin oyunları keçiriləcək” desəydin, adamı, yəqin ki, səni axmaq hesab edərdilər.

Bu bənzətməni işlətməklə, əslində müstəqillik əldə edəndən sonra cəmisi 20 il ərzində Azərbaycanın hansı yol keçdiyinin böyüklüyünü, miqyasını təsəvvür etməyinizə yardımçı oluruq. Nəhəng dövlət SSRİ-nin 70 ildə edə bilmədiyini, cəmisi 20 ildə reallaşdırmaq. Fantastikadır!

Dövlətin strategiyası bəlli, inamı yerində idi

Çempion

Bəli, ümummilli lider ölkədə sabitlik yaradandan və inkişaf yolunu müəyyənləşdirəndən sonra idman təsərrüfatında da canlanma başladı. Əvvəlcə SSRİ-dən qalma, standartlara cavab verməyən Respublika stadionu müasirləşdirildi, yenidən quruldu. Daha sonra isə Olimpiya stadionunun tikintisi başladı. Paralel olaraq da, digər idman növləri üçün infrastrukturun qurulması prosesi getdi. Güləş, taekvando, cüdo mərkəzləri, olimpiya kompleksləri, gimnastika zalları, üzgüçülük hovuzları, daha nələr, nələr...

Artıq xalq olaraq müstəqilliyin necə də qiymətli olduğunu anlamağa başlamışdıq. SSRİ 70 ildə Azərbaycanın neftini istismar etdi. Amma müstəqillikdən sonra ölkədə qurulan infrastrukturun heç 10 faizini də yaratmadı Azərbaycanda. İnfrastruktur qurulandan sonra isə qarşıda başqa vəzifə dururdu. Böyük idman yarışlarının Azərbaycanda keçirilməsi. Etiraf edək ki, buna da ağlasığmaz cəhd kimi yanaşanlarımız az olmayıb.

Dövlətin isə strategiyası bəlli, inamı yerində idi. Bir ölkədə insanların kütləvi şəkildə idmana cəlb olunması sağlam cəmiyyətin formalaşması yönündə ən vacib addımdır. Amma bunu reallaşdırmaq üçün əvvəlcə infrastruktur qurulmalı, daha sonra isə böyük yarışların təşkil edilməsi ilə idmanın populyarlığı artırılmalı idi. İlk iş görülmüşdü – infrastruktur qurulmuşdu. Növbəti proses nəhəng yarışlara ev sahibliyi etmək idi. Güləş, cüdo, gimnastika üzrə dünya çempionatlarının təşkili, artıq Azərbaycan üçün sıradan yarışlar sayılırdı. Daha nəhəng turnirləri təşkil etmək potensialını bütün dünya sübut etməyin vaxtı idi.

Hər ölkənin hünəri deyil

Çempion

Birinci Avropa Oyunlar bu yöndə ilk sınaq oldu. Azərbaycan bu imtahandan elə yüksək qiymət aldı ki... Avropa oyunları Olimpiya oyunları səviyyəsində təşkil edildi. Yəqin ki, hələ uzun müddət heç bir ölkə belə ideal təşkilatçılığı bacarmayacaq. Və bu yarışdan sonra Azərbaycanın gücünə, qüdrətinə, təşkilatçılıq bacarığına kimsədə şübhə qalmadı. Ardınca İslam Həmrəyli Oyunları da yüksək səviyyədə təşkil edildi. Və beləcə, Azərbaycan dünya idmanının infrastruktur baxımından inkişaf etmiş ölkələri sırasında yer aldı. SSRİ-nin tikə bilmədiyi nəhəng arena – Olimpiya stadionu isə futbol üzrə ən mötəbər yarışları qəbul etməyə hazır idi. Avropa Liqasının final oyunu, ardınca isə Avropa çempionatının oyunlarına ev sahibliyi etmək. Sözün həqiqi mənasında, inanılmazdır. Üstəlik, bu uğur çox qısa vaxtda – təxminən 20 il müddətində qazanılır. Bu müddətdə infrastruktur qurulur, təşkilatçılıq ənənəsi formalaşır, nəhəng turnirlə uğurla keçirilir. Birmənalı rəy belədir: Belə qısa müddətdə bunu bacarmaq hər ölkənin hünəri deyil.

Dünya idman ailəsində söz və nüfuz sahibi

Çempion Millət vəkili Müşfiq Cəfərov deyir ki, iqtisadi göstəricilər, beynəlxalq aləmdə qazanılan imic, həmçinin Azərbaycanda idman sahəsinə dövlət tərəfindən ayrılan diqqət, idman sahəsində qazandığımız nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın əldə etdiyi uğurlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə, Azərbaycanın dünyaya əsl idman ölkəsi kimi tanınmasına səbəb olub: “

Bu gün Azərbaycanda mövcud olan idman hərəkatı beynəlxalq idman ictimaiyyətinin və idman federasiyalarının mötəbər yarışlarını ölkəmizə həvalə etməsinə şərait yaratdı. Paytaxt Bakıda nüfuzlu turnirlərin yüksək səviyyədə təşkili Azərbaycanın bu sahədə uğurunun nəticəsidir. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb.

İndi, nəinki paytaxtda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Əlbəttə ki, Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsi böyük nailiyyət oldu.

Beynəlxalq yarışların ölkəmizdə təşkil edilməsi qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik olan Azərbaycan üçün əhəmiyyəti böyükdür. Bu yarışların yüksək səviyyədə düzənlənməsi və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektiv açdı. İki il ərzində bir şəhərdə həm Avropa, həm İslam Oyunlarının keçirilməsi Azərbaycanın millətlərarası, dinlərarası multikulturalizmə verdiyi töhfənin növbəti təzahürüdür. Mötəbər yarışlara uğurla ev sahibliyi edən Azərbaycan, bir daha dünyanın diqqət mərkəzinə çevrildi.

Paytaxt Bakıda beynəlxalq turnirlərin keçirilməsi istiqamətində ölkəmizdə ciddi işlərin görülməsi iqtisadi gücümüzə və dinamik inkişafa söykənir. Görülən işlər və həyata keçirilən tədbirlər Azərbaycanın düzgün inkişaf yolu tutduğunu sübut edir. Zəngin və güclü idman ənənələri, peşəkar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan Azərbaycan gələcəkdə hələ neçə-neçə nüfuzlu idman yarışına ev sahibliyi edəcək."

İndi azərbaycanlı azarkeşin öz ölkəsində izləyə bilmədiyi çox az turnir qalıb: Olimpiya oyunları və futbol üzrə dünya çempionatı. Bundan sonra hədəf, yəqin ki, bu olacaq. İnanmırsınız? 20 il əvvəl Avropa çempionatının oyunlarına ev sahibliyi edəcəyimizə hansımız inanırdıq ki? Əsas odur ki, dövlətimiz inanır və bacarır.

Xanoğlan İmanov

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə yazılıb.

Çempion

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?