Qarabağda xarabalıqlar arasından boylanan lalələr... - VİDEO+FOTOREPORTAJ

14 Aprel 2021 16:10 Araşdırma 411
Qarabağda xarabalıqlar arasından boylanan lalələr... - VİDEO+FOTOREPORTAJ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ötən gün Cəbrayıl və Qubadlı rayonlarına səfərimiz bahar ayına təsadüf etdiyindən təbiət düşmənin torpaqlarımızda törətdiyi vandallıqların bir hissəsini ört-basdır eləmişdi.

Dağıdılmış, yandırılmış evlərin qalıqları, qırılmış ağacların kötükləri dizə qədər çıxan yaşıl otların altında gizlənmişdi.

O xarabalığın içərisində güllər açmışdı, ağaclar çiçəklənmişdi, amma təbiət belə düşmənin 30 illik ekoloji terrorunun izlərini itirmək gücündə deyildi.

Aprel zəfərinin yadigarı olan Lələtəpəni, Cocuq Mərcanlı qəsəbəsini keçəndən sonra birdən-birə həyat əlamətləri itir, təbiət cırlaşır, barlı-bərəkətli meyvə bağları göz işlədikcə uzanan çöllərlə əvəzlənir.

Üzü Cəbrayıla doğru ən ağır döyüşlərə şahidlik edən ərazilərdən keçirik. Bizi yol uzunu qayıdışımıza sevinən lalələr qarşılayır.

İlk dəfə Cəbrayılın Soltanlı kəndinə çatanda Müdafiə Nazirliyinin viran qalmış kəndlərdən çəkdiyi kadrların eynisi gözümüzün önündə canlanır. Bu kənddə evlərin çoxunun ancaq bünövrəsi qalıb, həyətlərdə olan əksər ağaclar qırılıb, yandırılıb, baxımsızlıqdan quruyub gedib. Amma bütün olanlara rəğmən pöhrələnən zoğlar da çıxır qarşımıza. Ən təsirlisi isə həmin o dağılmış evlərin həyətindən boylanan, üstü tumurcuqla dolu yasəmən ağacı idi. Dağılmış daş hasarın arasında illərlə susuz, nəvazişsiz qala bilmək bitki üçün də hünər istəyər. Evdə dörd divardan əsər qalmasa da, sahibi düz hasarın böyründəki bu sadiq gül ağacından bəlkə də həyətini asanlıqla tapa bilər.

Növbəti marşrutumuz Cəbrayılın Əmirvarlı kəndindən keçir. Burada da kənd dağıdılıb, yandırılıb, yerlə- yeksan edilib. Kəndlə bərabər təbii sərvətləri də talan edilib. Kənddə yaşı 800 il olan, nadir Şərq çinarı artıq yoxdur. ETSN-nin sektor müdiri Mehman Nəbiyev bizi ağacın olduğu ərazi ilə tanış edir. Onun sözlərinə görə, düşmənlərin diametri 2 metr olan bu ağacı kəsməklə ürəkləri soyumayıb, sonra kökünü də yandırıblar. Lakin ağac həmin köklərin üzərindən yenidən pöhrələnib. Nazirlik rəsmisindən öyrənirik ki, bu ermənilərin şərq çinarına qarşı ilk vandallığı deyil. İşğala qədər Qubadlı, Zəngilan, Füzuli və Cəbrayılda 35 belə çinar olub və hamısı məhv edilib.

Yol bizi dağların arası ilə üzü Qubadlıya doğru aparır. Bir il əvvələ qədər düşmən işğalında olan o torpaqları görmək əlçatmaz xəyal idi. Bir-birimizə ad günlərində, bayramlarda “o gün olsun, doğum gününü Şuşada keçirək”, “gələn bayramı Qubadlıda, Zəngilanda qeyd edək” tipli o qədər sağlıq demişdik ki, artıq bu arzu da çeynənmiş ifadəyə çevrilmişdi. 30 ilə qədər işğal altında olan, uğrunda minlərlə insanın canını qurban verdiyi, sağlamlığından keçdiyi o yerlərə ayaq basmaq, dağına, daşına sığal çəkmək, havasını ciyərlərinə çəkmək, məhv edilmiş olsa belə təbiətini görmək doğrudan da, inanılmaz hissdir.

Qubadlıda da Zəngilan və Cəbrayıldakı kimi salamat heç nə qalmayıb. Yolun ətrafında məhv edilmiş düşmən texnikaları demək olar ki, yığışdırılıb. Nadir hallarda çöllərdə yağışdan paslanmış hərbi maşınların qalıqlarına rast gəlinir. Rayonun Muğanlı, Həmzəli, Həkəri kəndlərində də təbiət vəhşicəsinə məhv edilib. Vaxtilə baramaçılığın inkişaf etdiyi bu torpaqlarda tut plantasiyaları artıq yoxdur.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin sözlərinə görə, işğala qədər il ərzində bu ərazilərdən yüz tona yaxın barama istehsal edilib. Yenidən təbiətin və iqtisadiyyatın bərpası üçün dövlət tərəfindən işlərə başlanılıb. Elə səfərimiz də rayonun Mahrızlı kəndində ağacəkmə kampaniyasına təsadüf edirdi. Jurnalistlərin də iştirakı ilə kənddə tut, Şərq çinarı və palıd toxumları əkilib, 750-dək göyrüş və digər ağac tingləri torpağa basdırılıb.

İşğaldan azad olunan rayonlara səfər zamanı aydın olur ki, ermənilər təkcə təbiəti məhv etməyiblər, həm də ölkənin faunasına bərpası illər çəkən zədələr vurublar. Artıq həm də faunanın bərpasına başlanılıb. Balıq populyasiyalarının artırılması, su hövzələrinin zənginləşdirilməsi məqsədilə Qubadlı rayonunun Həkəri və Bərgüşad çaylarının birləşdiyi Suqovuşan adlanan ərazidə su hövzəsinə kiçik farel balıqları buraxılıb. Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevin sözlərinə görə, 2021-ci ildə 2 milyon 300 min kütüm, 1 milyon 500 min çəki, 1 milyon ağ amur, 1 milyon enlialın, həmçinin Xıllı nərə balıqartırma zavodu tərəfindən 550 min nərə cinsli balıq körpəsinin təbii su hövzələrinə buraxılması planlaşdırılır.

İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi başa çatdıqdan sonra tədricən heyvanların da təbii populyasiyasının bərpa olunması ilə bağlı işlər görüləcək.

ANAMA əməkdaşlarının müşayiəti ilə getdiyimiz yolu elə də geri qayıdırıq. Mina təhlükəsinə görə doya-doya gəzə bilmədiyimiz çəmənlərə, dərə bilmədiyimiz çiçəklərə görə həmin torpaqlara yenə qayıdacağımıza ümid edirik.

Bu dəfə müşayiətsiz, bütün digər rayonlarımıza getdiyimiz kimi sərbəst getmək arzusu ilə.

Gülnar Əliyeva

Foto/Video: Pərvin Zeynal










Digər Xəbərlər
Xəbər Lenti