Ağoğlan ziyarəti: 3-4 kilometr o yandakı Vətən - VIDEO

28 Fevral 2021 23:30 Araşdırma 1 252
Ağoğlan ziyarəti: 3-4 kilometr o yandakı Vətən - VIDEO

İlqar TAĞIYEV

Gecə yarısıdır. Füzuli rayonunun girişində uğultuya bənzər bir səs diqqətimi çəkir. Yol yoldaşım, bir vaxtlar "525-ci qəzet"də iş yoldaşım olmuş Gündüz İsmayılov avtomobilimizin müharibə vaxtı tankların tırtıllarının qoyduğu izlərin üzəri ilə getdiyini deyir. Qəribədir, tırtıl izinin səsi tankın öz səsindən daha vahiməlidir. Bəlkə də, ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarda qoyduqları vandalizm izləri qədər...

Bugünəcən Füzulidə cəmi bir dəfə olmuşdum. 22 il əvvəl jurnalistlərdən təşkil olunmuş eyniadlı futbol komandasının heyətində bu rayona səfər etmişdim. O vaxt bir hərbçimizin dediyi sözlər hələ də yadımdadır: "3-4 kilometr o yanda ermənilərdir". Məyus olmuşduq. Cəmi 3-4 kilometr o tərəfdəki vətən torpağına gedə bilməmək... İndi isə yolumuz o yanadır. Səhər tezdən bizi Laçın səfəri gözləyir. İndi isə dincəlmək vaxtıdır.

... Səhər saat 8:30. Təxminən 60 nəfərlik heyət səfərə hazırdır. Səfərin çətin, əziyyətli olacağını əvvəldən bilirdim. Nahamar yollarla, bir tərəfə 6-7 saatlıq yolçuluq həqiqətən əziyyətlidir. Amma mən piyada getməyə də razıydım, təki Laçını görüm. Təkcə Laçını deyil, Füzulinin, Zəngilanın, Qubadlının heç vaxt olmadığım, işğaldan təzəcə azad edilmiş kəndlərini, qısası 3-4 kilometr o tərəfi. Bunu hansımız arzu etməmişik ki?

Yolçuluğun ilk 2 saatı mənim üçün qanqaraldıcı keçdi. Bizi aparan "Ural"ın şüşələrinin ikiqat olması və bu üzdən tərləməsi ətrafı seyr etməyə imkan vermirdi. Qubadlının Bala Soltanlı kəndinin girişində 5-10 dəqiqəlik fasilə lap yerinə düşdü. Həmkarım, bir vaxtlar "525"də redaktorum olmuş Səbuhi Məmmədlinin təklifi ilə onların avtomobilinə əyləşdim (Səbuhi ilə bağlı yada salınası çox xatirə var. Amma budəfəki söhbətimizin mövzusu məlumdur).

Sürücümüz İlham keçdiyimiz yerlər haqqında məlumat verir, bir növ bizə bələdçilik edir. Əslən Qərbi Azərbaycandan olsa da, cavanlığı bu yerlərdə keçib.

Yolboyu xarabaya çevrilmiş kəndlərimizi - Padarı, İşıqlını, Xəndəyi, Muradxanlını... seyr etdikcə ürəyim ağrıyır. Bu yerləri, ermənilərin vəhşiliyini mütləq öz gözlərinlə, canlı görmək lazımdır. Sözlə ifadə etmək çox çətindir. Ara-sıra ermənilərin yaşadığı daxmalara, üzüm tarlalarına, əkin sahələrinə rast gəlirik. İndi gorbagor olublar. Bir də bizi müşayiət edən Həkəri çayı. Gözəlliyinə söz ola bilməz...

Söhbət başımızı yaman qatıb. Bir də onda ayılırıq ki, Laçın rayonunun girişindəyik. Karvanın axırında gedən bir neçə avtomobil instinktiv olaraq dayanır. Hamı "Laçın" yazılmış lövhəyə doğru gedir, şəkil çəkir. "Laçın" yazısını çox yerdə görmüşük. Amma bu yazı bir başqa aləmdir. Bu yazını görmək üçün illəri yola salmışıq, qanlar axıtmışıq, şəhidlər vermişik.

Solda Güləbird kəndidir. Daha doğrusu, kəndin xarabalığı. Salamat tikiliyə rast gəlmək mümkün deyil. Kəndə getmək də olmaz. Mina təhlükəsi var. Üstəlik, Həkərinin üzərindəki körpü də yararsız vəziyyətdədir. Bizi müşayiət edən hərbçi Qurbanov məzəmmət edir: "Başa düşün, karvandan ayrılmaq olmaz. Mən sizə görə məsuliyyət daşıyıram..." Ay Qurbanov, siz də bizi başa düşün, dayanmamaq olmur, axı.

... Sülhməramlıların postuna çatdanda günorta idi. Hava soyuq olsa da, yağış yağmırdı. Ətrafı qatı duman bürünmüşdü. Əslən kəlbəcərli yol yoldaşımız, bu yerlərə yaxşı bələd olan Gündüz kişi Laçın dağlarının həmişə belə dumanlı olduğunu deyir, əmin-amanlıq vaxtlarını yada salır: "Fərqi yoxdur, qış oldu, ya yay, buralar həmişə belədir. Bax, bu yolla Qubadlıya, Zəngilana, oradan da Naxçıvana gedirdik. Az istifadə olunduğu üçün əvvəllər bura keçilməz idi. Bu yol sonradan, SSRİ-nin axır vaxtları salınmışdı. İndi yararsız vəziyyətdədir. Görünür, ermənilərə o qədər lazım olmayıb". Bu yerdə Prezident İlham Əliyevin zərb-məsələ çevrilmiş "Nooldu, Paşinyan, Qubadlıya yol çəkirdin?" sözləri yadımıza düşür. Hamının çöhrəsində təbəssüm yaranır. Həmkarlarımdan biri "bir az tez çəksəydi, biz də Laçına rahat gedərdik" deyə, zarafat edir. Zarafat bir yana, yolçu yolda gərək...

No description available.

Laçın haradasa mənə Tovuzun məşhur Əsrik dərəsini xatırlatdı. Əslən tovuzluyam və Əsrik dərəsində dəfələrlə olmuşam. Sıldırım qayalar arasından çəkilmiş dar yol, Əsrik çayı, sıx meşələr. Hər dəfə də özüm-özümə sual vermişəm ki, necə olub bu gözəlliyə sahib Laçını ermənilər işğal ediblər? Axı, buranın hər daşı, qayası təbii səngərdir. Artıq cavab məni maraqlandırmır. Laçındayıq və buranın gözəlliyindən ləzzət alıram. Düzünü deyimmi? Əsrik dərəsi inciməsin, bura daha gözəldir!

Şəhərdən keçirik. Şəkillərdə, videolarda gördüyümüz Laçın çox dəyişib, miskinləşib. Çox keçməz, Laçını da dirçəldəcəyik, o biri şəhər və kəndlərimizi də.

Ara-sıra qarşımıza yol kənarında dayanmış avtomobillər çıxır. Ermənilərindir. Karvana yol verirlər, məcburdular. Bəs necə? Bu yerlərin sahiblərinə yol vermək lazımdır!..

Laçın dəhlizindən keçərkən bizimlə gedən sülhməramlı Yeqor deyir ki, Laçında vur-tut 15 ailə qalıb. Cəmi 2 mağaza işləyir. Şəhər sanki ölüxanadır. Yolboyu zarafatından qalmayan Yeqor danışdıqca burada olduğu 3 ay müddətində kimləsə normal ünsiyyət qurmadığı, indi buna ehtiyacı olduğu hiss edilir. Sanki ürəyini boşaltmağa məqam axtarır.

Laçına, daha dəqiq Ağoğlana səfərimizin məqsədi burada yerləşən Ağoğlan məbədini ziyarət etmək idi. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə irili-xırdalı 128 Alban məbədi var. Onlardan 4-ü daha məşhurdur - Kəlbəcərdəki Xudavəng, Ağdərədəki Gəncəsər, Xocavənddəki Amaras və Laçındakı Ağoğlan məbədləri. Sonuncu haqqında, təkrar olsa da, topladığım məlumatları vermək yerinə düşər. Ağoğlan məbədi V-VI əsrlərdə inşa edilib, Ağoğlan çayının sahilində yerləşir. Tarixi abidə əvvəllər qəsr olub, lakin zamanla dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastır formasına salınıb. Köhnə divarlar üzərində yeniləri tikilsə də, abidə ilk bünövrəsini olduğu kimi saxlayıb və alban dövrü memarlığının möhtəşəm nümunələrindən birinə çevrilib.

No description available.

Əvvəllər məbədin qəsr kimi tanınması rəvayətlərdə də öz əksini tapır. Belə rəvayət edilir ki, qədim zamanlarda bu ərazidən keçən gənc bir səyyah buranın gözəl təbiətinə heyran olur və qəsr tikdirmək qərarına gəlir. Yerli əhalinin köməyi ilə işə başlayır. Xalqın sevgisini və rəğbətini qazanan gənc çox yaraşıqlı olduğundan yerli əhali onu "Ağoğlan" adlandırırmış.

Tikilən qəsr vaxtilə "Qaranquş qəsri" adı ilə də tanınırmış. Bununla bağlı rəvayət də çox maraqlıdır. Deyilənə görə, günlərin birində, günorta yeməyi vaxtı bir qaranquş aşpazın başına fırlanır, camaata yemək verməsinə mane olmağa çalışır. Ətrafdakı insanlar quşun bu hərəkətinə maraqla tamaşa edir, lakin heç nə anlamırlar. Anidən qaranquş özünü qaynar qazanın içinə atıb ölür. Bundan qəzəblənən aşpaz yeməyi kənara boşaldarkən qazanda ilan ölüsü olduğunu görür. Camaat isə heyrətdən donub qalır. Qəsrin sahibi xilaskar quşun ölüsünü təntənə ilə tikilinin yanında basdırır, qəsri də onun şərəfinə "Qaranquş qəsri" adlandırır. Lakin zaman ötdükcə qəsrin bu adı unudulub və məbədə çevriləndən sonra isə xalq arasında onu tikdirənin şərəfinə "Ağoğlan" kimi tanınmağa başlanıb.

1992-ci ildə ermənilər ərazini işğal etdikdən sonra Ağoğlan məbədini özününküləşdirməyə başlayıblar. Onlar məbədi təmir etmək adı altında abidənin divarları üzərində bir neçə daş yazıları, həmçinin, xeyli sayda alban dövrünə aid ornament və rəmzləri tamamilə silib, formalarını dəyişiblər. Məbədin guya xristianlığın Qriqoryan məzhəbinə məxsusluğunu göstərən 26 yazı lövhəsini abidənin divarlarının müxtəlif yerlərinə bərkidiblər. Saxtakarlıqlarında daha da irəli gedən ermənilər kompleksin ümumi giriş qapısının önündə İrəvandan gətirilmiş xaç daşlar basdırıb, binanın fasadını söküb kirəmit və dəmirlə əvəzləyiblər.

2007-ci ildə İrəvan şəhərində Ermənistan hökumətinin tapşırığı ilə erməni yepiskopları daxili qərarla abidəyə erməni Qriqoryan kilsəsi statusu verməklə işğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyətinə və tarixinə qarşı soyqırımı siyasəti yürütdüklərini bir daha əyani şəkildə göstəriblər. Bunlar hamısı keçmişdə qalıb. İndi Laçın bizdədir və "Ağoğlan" məbədi də öz sahiblərinə qovuşub.

İki saatlıq ziyarət müddətində Alban-udi xristian icmasının sədri Robert Mobilinin Xocalı qurbanlarının ruhuna kilsədə şam yandırmasından sonra icmanın üzvləri şəhidlərin və Xocalı qurbanlarının ruhuna dualar oxudular. "...Ağoğlan məbədi Laçın üçün, Qarabağ üçün bir mirvaridir. Şəhidlərimizin, Xocalı qurbanlarının ruhları qarşısında baş əyirik. Xocalı soyqırımı heç vaxt yaddaşlardan silinməyəcək. Bu, bizim bura ilk səfərimizdir. İnanıram ki, gələcəkdə işğaldan azad edilmiş torpaqlardakı məbədlər, kilsələr bərpa olunacaq. O ilahi ədalət ki, başda Azərbaycan Prezidenti, Ali Baş Komandan olmaqla Müzəffər Azərbaycan Ordusu bərpa etdi, Azərbaycan əsgərinin sayəsində təkcə torpaqlarımız deyil, dini məbədlərimiz də əsirlikdən azad olundu. Yaşasın Azərbaycan, yaşasın Ordumuz, yaşasın Prezidentimiz!" Bu sözləri Robert Mobili dedi.

No description available.

Mərasimdən sonra Robert Mobili və icmanın sədr müavini Rafik Danakari yerli və əcnəbi jurnalistlərə açıqlama verərək əsl həqiqətləri onlara çatdırdılar. Biz zatən bu həqiqətləri bilirik, əsas odur ki, erməni vəhşiliyindən dünya ictimaiyyəti agah olsun.

Yeri gəlmişkən, səfərdə Rusiya, Yaponiya və Xorvatiyadan olan jurnalistlər də iştirak edirdilər. Türk həmkarlarımızı buraya özüm əlavə etmirəm. Onlara əcnəbi demək düzgün olmaz, bizlərdəndir və həmişə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında zəhmət çəkiblər.

Bunu da yazmalıyam, vacibdir. Laçın şəhərinə qədər yol kənarında xeyli sayda kəsilmiş ağaclara rast gəldik. Üzü Ağoğlana tərəf isə... Ziyanverici həşəratlar vəhşicəsinə ağacları məhv ediblər. Sanki Zabux çayı yetim qalıb. Sevimli donuzlarını güllələyən məxluqatlardan başqa nə gözləmək olar? Hərbçimizin biri deyir ki, buralar toya getməlidir. Üzü Kəlbəcərə doğru daha betərini ediblər. Yol kənarında, çayboyu demək olar ki, bir ağacı da salamat qoymayıblar, evləri yandırıblar, söküb aparıblar. Eybi yox, ağaclar yenidən pöhrələnəcək, evləri yenidən tikəcəyik. Amma bu pislikləri əsla unutmayacağıq!..

Hava getdikcə soyuyur, 1-2 saata qaş qaralacaq. Qurbanov bizi tələsdirir. Bu da əbəs deyil. Biz azdan şaxta düşəcək, yollar buz bağlayacaq. Belə vəziyyətdə dağ yolları ilə hərəkət çox təhlükəlidir.

Səfər ərəfəsində baş redaktorumuz, Ağoğlanda dünyaya göz açmış Rəşad Məcid doğma kəndinə baş çəkməyi, şəkillər paylaşmağı tapşırmışdı. Türklər demiş, qüsura baxmayın, Rəşad müəllim, bu dəfə tapşırığınızı yerinə yetirə bilmədim. Şaxta və Qurbanov imkan vermədi.

Artıq şər qarışır, geri dönürük.

Gecə yarıdır. Yenə Füzuliyə çatırıq - 3-4 kilometr o yandan - illərdir həsrətini çəkdiyimiz yerlərdən gəlirik...

... Hər il yayda Tovuza doğma el-obama gedirdim - Tovuzun gözəlliyindən, Əsrik dərəsinin əsrarəngiz təbiətindən zövq almaq üçün. Tovuz budəfəlik məni bağışlasın, bu yay Qarabağa gedəcəyəm!..

Digər Xəbərlər
Xəbər Lenti