Rusiyanın “xoxan” obrazı: Kreml Türkiyəni Qarabağ məsələsində sıxışdırır?

18 Yanvar 2021 23:10 Araşdırma 950
Rusiyanın “xoxan” obrazı: Kreml Türkiyəni Qarabağ məsələsində sıxışdırır?

Son zamanlar şimal qonşumuz Rusiya ətrafında bir qara piar kampaniyasının təşkil olunduğu müşahidə olunur. Yanvarın 11-də Moskvada Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra belə fikirlər yayılıb ki, Rusiya Türkiyəni Qarabağ məsələsində sıxışdırmağa başlayıb. II Qarabağ savaşının sonunda əldə edilən anlaşma əsasında qardaş ölkənin iştirak edəcəyi bəzi məsələlərdə yubanmaların olması daha çox bununla əlaqələndirilir.

Doğrudur, ağıllı, ciddi ekspertlər tamam fərqli mövqe sərgiləyirlər. Onlar deyirlər ki, Türkiyə və Rusiya vahid layihə içərisindədirlər, yəni biri digərini sıxışdırmır, inkar etmir. Amma istənilən halda Rusiyanı “xoxan” obrazında təqdim edənlər də var.

AĞ Partiya başqanı Tural Abbaslı bildirdi ki, Azərbaycanda Rusiyaya qarşı münasibəti əslində kimsə tətikləmir: “Cəmiyyətimizin, xalqımızın Rusiyaya münasibətini onun özü müəyyən edir. Kreml nə vaxt Azərbaycan maraqlarından, xalqımızın ədalətli mövqeyindən çıxış etsə, təbii ki, ölkə vətəndaşları bu ədaləti mövqeyinə görə onu alqışlayacaqlar, rəğbətini bildirəcək. Amma rus sülhməramlıları Qarabağa gələndən sonra birmənalı şəkildə erməni mövqeyindən çıxış etdiyini gördük.

Partiyaların yalnız adları qalıb... - Tural Abbaslı

Bu da insanlarda qıcıq yaratmaya bilməzdi. Rusiyaya qarşı bütün bunların fonunda neqativ fikirlərin formalaşması təbiidir. Hər kəs bu məsələdən təsirlənir. Həm də sosial sifariş yaranır. Kiminsə də xalqın qarşısında özün linç etdirmək fikri də yoxdur, yəni sərgiləyə biləcəyi mövqedən dolayı. İlk növbədə, Rusiya öz davranışlarını korrektə etməli, Qarabağda ədalətli mövqe tutmalıdır. Beynəlxalq konvensiyalarda sülhməramlıların fəaliyyəti üçün nəzərdə tutulanlara uyğun şəkildə rus sülhməramlıları fəaliyyət göstərməlidir. Özünü burada ermənilərin sözcüsü kimi aparmamalıdır. Amma son Moskva görüşündə Rusiyanın Türkiyə və Azərbaycanı sıxışdırdığı yönündə deyilən fikirlərlə razı deyiləm. Üçtərəfli razılaşmada Türkiyə olmasa da, nəzərə almaq lazımdır ki, o yoxdursa, biz varıq, biz də hər hansı bir yerdə deyiliksə, orada da Türkiyə varsa, demək biz də varıq. Moskva görüşündə Azərbaycanın maraqlarına zidd hansısa nüansın qəbul olunduğunu düşünmürəm. Könül istərdi ki, Rusiya-Türkiyə müttəfiqliyi fonunda region inkişaf etsin. Bu regionda hər iki ölkə söz sahibidir. Rusiya üçün hazırda Türkiyəyə yaxınlaşma yönündə tarixi bir şans yaranıb. Bu yaxınlaşma da ilk növbədə, Azərbaycan üzərindən olmalıdır. Bunun üçün də Qarabağ məsələsində ədalətli mövqe tutmalıdır. Bu məsələlərdə Rusiyadan çox şey asılıdır. Ümid edirəm ki, Rusiya Ermənistan kimi bir ölkəyə görə sözünə bütöv, imzasına hörmət edən Türkiyə və Azərbaycan kimi dövlətlərlə əlaqələri pozmayacaq. Burada qurban verilməli bir ölkə varsa, o da Ermənistandır. Rusiya bunu qəbul etsə, region da, Azərbaycan da inkişaf edəcək. Hətta regionda yeni bir güc mərkəzi də yarana bilər”.

Elman Nəsirov:

YAP-çı deputat Elman Nəsirov səslənən fikirləri tam olaraq əsassız sayır: “Əvvəla, onu deyim ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistanın siyasi rəhbərlərinin imza atdıqları sənəd 10 noyabr tarixli müharibəyə son qoyan sənədin davamıdır. Yəqin ki, biz sonrakı mərhələlərdə də üçtərəfli sənədlərin imzalanmasını görəcəyik. Təəssüf hissi ilə qeyd etməliyəm ki, müəyyən maraqlı tərəflər var, beynəlxalq aləmdə də, ölkəmiz daxilində də. Çalışırlar ki, Rusiya-Azərbaycan, Rusiya-Türkiyə münasibətlərinə kölgə salsınlar. Bulanıq suda balıq tutmaq siyasətini həyata keçirmək istəyirlər. Rusiyanın münaqişənin tənzimlənməsi məsələsindəki roluna diqqət ayırarkən bir şeyi birmənalı şəkildə bilmək lazımdır ki, Rusiyanın sülh prosesində iştirakı müharibəyə son qoyulması və sülh prosesindəki rolu faktdır. Kimsə bununla barışa, yaxud barışmaya bilər. Bu onların öz işidir. Amma unutmayaq ki, Rusiya regionun nəhəng dövlətidir. Dünya miqyasında da nəhəng ölkələr ən azından öz yaxın zonalarındakı proseslərdə iştirak edirlər. Məsələn, fövqəldövlət olan ABŞ təkcə Amerika qitəsində deyil, dünyanın əksər yerlərində öz maraqlarının müdafiəsi ilə bağlı proseslərə qatılırlar. Təsəvvür edin ki, Birləşmiş Ştatların dünyada 760-a qədər hərbi bazası və obyekti var. Bu o deməkdir ki, dünyanın istənilən regionunda hadisə və proseslərə bu və ya digər nöqteyi nəzərdən öz maraqları prizmasından müdaxilə edə bilirlər. Rusiyada da postsovet məkanında çox ciddi, prioritet maraqlarının cəmləşdiyini hər zaman açıq şəkildə etiraf edirlər. Ona görə də, siyasətdən uzaq adamlar düşünə bilərlər ki, münaqişənin tənzimlənməsi prosesində Rusiya iştirak etməsin. Bu qeyri-mümkündür. Rusiya həm də həmsədr dövlətdir. Kremlin sülh prosesində iştirakına və bunun nə qədər səmərəli olmasına gəldikdə isə, hesab edirəm ki, Azərbaycan prezidenti, cənab İlham Əliyevin bu istiqamətdə səsləndirdiyi fikirlərə diqqət etmək lazımdır. Ali Baş Komandan dəfələrlə Rusiya rəhbərliyinə təşəkkür edib ki, yeni sülh prosesində, müharibədən sonrakı tənzimlənmə prosesində Rusiya fəal rol oynayır, əməkdaşlıq mühitinin yaradılmasına dəstək verir, müsbət, pozitiv rola malikdir. Başqa bir dezinformasiya da yayılıb ki, guya sülh prosesində Rusiya monopolist mövqeyə malik olur, Türkiyəni sıxışdırmağa başlayıb. Bu ittihamın heç bir əsası yoxdur. Rusiya-Türkiyə arasında bu gün çox ciddi əməkdaşlıq mühiti var.

Amerika başda olmaqla, NATO ölkələrinin əksəriyyətinin Rusiya ilə ciddi konfliktinin olduğu bir reallıqda başqa bir NATO ölkəsi Türkiyənin Rusiya ilə münasibətləri müsbət dinamikaya malikdir. Azərbaycanın Rusiya ilə streteji tərəfdaş olduğunu da nəzərə alaq və Türkiyə ilə qardaş ölkə olduğunu da diqqətdə saxlayaq. Belə olan vəziyyətdə hər üç ölkənin arasında səmərəli, faydalı bir əməkdaşlıq mühiti formalaşıb. Bu baxımdan deyilənləri süni şəkildə Türkiyə-Rusiya münasibətlərinə kölgə salmaq, onu pozmaq cəhdi kimi qəbul etmək olar. Bu gün cənab İlham Əliyevin səsləndirdirdiyi altıtərəfli əməkdaşlıq formatının reallaşması üçün yaxşı imkanları yaranır. 11 yanvar sənədinə bu prizmadan yanaşmaq lazımdır. Burada Azərbaycanın milli maraqları bir daha ən yüksək səviyyədə müdafiə olunur. Azərbaycan öz hədəflərinə çatıb, bundan sonra da çatmaqdadır. Bu günləri cənab İlham Əliyevin işğaldan azad edilmiş Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfəri və orada səsləndirdiyi fikirlər bir daha bu qənaətə gəlməyə əsas verir”.

Elxan Şahinoğlu:

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Türkiyə Cənubi Qafqazda, Azərbaycanda artıq varlığını göstərib. Müharibə günlərində bunu sübut etdi. Rusiya da bu amillərlə hesablaşır. Düzdür, ola bilsin ki, Rusiyada müəyyən dairələr Türkiyənin Cənubi Qafqazda, Azərbaycanda və Qarabağda möhkəmlənməsini istəmirlər. Amma bu onların istəyib-istəməməsindən asılı deyil. Türkiyə mövcudluğunu qoruyur, əməkdaşlıq artır. Rusiya ilə təmaslar da var. Yanvarın 11-də Rusiya prezidentinin azərbaycanlı həmkarı və Ermənistanın baş naziri ilə görüşündən bir neçə gün sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək onu təlimatlandırdı. Bu diplomatik qaydalara uyğun idi. Faktiki görünən odur ki, Rusiya Türkiyə ilə vidalaşır. Bir müddət sonra Ağdamda Monitorinq Mərkəzi də fəaliyyətə başlayacaq. Rusiya Türkiyə ilə bu istiqamətdə əməkdaşlığı davam etdirmək məcburiyyətində qalacaq. Türkiyə-Rusiya münasibətlərinin çat verdiyini yəqin ki, ermənipərəst qüvvələr yayırlar. Bununla münasibətlərə xələl gətirməyə çalışırlar. Putinin Ərdoğanla telefon danışığı, dialoq içərisində olması Rusiyadakı erməni lobbisini, Ermənistandakı qüvvələri ciddi narahat edir. Şimal qonşumuzdakı erməni lobbisi təsiri olduğu medialar vasitəsilə bu məsələyə təsir etməyə çalışır. Ona görə bəzən rus telekanalları anti-türk, anti-Azərbaycan mövqeyində olan siyasi ekspertləri verilişlərə dəvət edirlər. Düzdür, burada Azərbaycanın mövqeyini müdafiə edən şərhçilər də var. Amma daha çox ermənilərin təsiri altında olan insanların telekanallara çıxarıldığını demək olar. Ermənilərin hiyləsidir, yaşadıqları dövlətlərin milli və təhlükəsizlik maraqlarına zərbə vurmaq istəyirlər. Çünki Rusiyanın milli və təhlükəsizlik maraqları Cənubi Qafqazda Türkiyə ilə əməkdaşlığı diktə edir. Bu reallıqdan qaçmaq olmaz. Rusiya-Türkiyə əməkdaşlığından gələcəkdə Ermənistanın da yararlanması mümkündür, təbii ki, ərazi iddialarından vaz keçib, xişniyyətli mövqedən çıxış etsələr. Bundan siyasi və iqtisadi zəmində faydalana bilərlər” (musavat.com).

Cavanşir ABBASLI

Digər Xəbərlər
Xəbər Lenti