Rəşad Sadıqova düşmən kəsilən onlardır!

25 Fevral 12:20 Zirə 1 505
Rəşad Sadıqova düşmən kəsilən onlardır!

Mövsümün əvvəlində rəqibləri üçün təhlükə saçan “Zirə”nin əvvəlki gücündən əsər-əlamət qalmayıb.

Qəsəbə təmsilçisi noyabrın 12-dən bu yana düz 3 aydır Premyer Liqada qələbənin nə olduğunu bilmir. 5 dəfə heç-heçə edən “qartallar” 5 halda meydanı məğlub tərk edib.

Komandanın baş məşqçisi Rəşad Sadıqov itirilən xallara günah “günah keçisi” tapıb. Sən demə, uğursuz dönəmin başlıca səbəbkarı hakimlərdir.

“Zirə” meydanda lazım olanı edir, ehtiyac duyulan qolları vurur, di gəl, ədalət təmsilçiləri ədalətsizlik edib Sadıqovun komandasının qarşısını kəsir.

Xal itirilən hər matçdan sonra oxşar durum yaşanır. “Səbail”lə çempionat oyununda sonra beləydi, “Sabah”la qarşılaşmadan sonra da. “Neftçi”yə məğlubiyyətin ardınca yenə eyni tamaşaya şahidlik etdik.

“Zirə” rəhbərliyi günahın sahib(lər)ini kənarda yox, içəridə axtarmalıdır. Komandanı bu günə salan “qartallar”ın hücumçuları ilə hücumameyilli futbolçularıdır. Məhz onların inamsız oyunu nəticəsində komanda bu gündədir, əsas rəqiblərindən geri qalır.

Sadıqovu hakimlərlə üz-üzə qoyan adamların adlarını bir-bir sadalamaq olar: Vladislav Kulaç, Rüstəm Əhmədzadə, Rafael Utziq, Eldar Quliyev, Rəhim Sadıqov, Felipe Paxtman. Günahkarlar bu adamlardır, bəylər. İnanmırsınız?

“Zirə” cari Premyer Liqa mövsümündə 23 oyunda rəqib qapılarından vur-tut 14 top keçirib. Az qala 2 oyuna 1 top düşür.

Və bu sayda qoldan tən yarısı hücum planlı futbolçuların payına düşür. Salifu Suma ilə Rüstəm Əhmədzadə hərəyə 2 top vurub, İssa Cibrila, Felipe Paxtman, Vladislav Kulaç – hərəsi 1 dəfə fərqlənib. Vəssalam!

Komandanın ən məhsuldar futbolçusu aktivində 4 qol olan Qismət Alıyevdir. Digər müdafiəçilər Dmitrios Çantakiasla Məqsəd İsayev, dayaq yarımmüdafiəçisi İlkin Muradov hərəyə 1 dəfə fərqləniblər.

İndi siz deyin, hücumameyilli futbolçuların 23 turda 7 qol vurduğu komandanın baş məşqçisi hakimlərdən gileylənməlidir, yoxsa sərəncamındakı futbolçularından?

“Zirə”dəki əsas söz sahibləri komandanın yükünü çiyinlərində daşımalı olan rusdilli kvartet – Quliyev, Sadıxov, Əhmədzadə və Kulaçın, eləcə də braziliyalılar – Felipe Paxtmanla Rafael Utziqin gündəlik həyatını diqqətdə saxlaması, məşqdən və oyundan sonra harada, kimlərlə, necə istirahət etmələrini aydınlaşdırması bu gün üçün ən uğurlu çıxış yoludur.

Komandanı uçuruma aparan bu adamlardır, əziz və hörmətli Sadıqov.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti