“Qarabağ”ın mərhələni adlayacağına hədsiz ümid var.
Sözsüz, ilk oyunun gətirdiyi 2:1 hesablı qələbə “Ludoqorets” üçün böyük üstünlükdür, Razqrad təmsilçisi doğma azarkeşlərinin dəstəyini hiss edəcək, avrokuboklardakı ev oyunlarında “Roma”, “Anderlext”, “Fənərbağça” kimi rəqiblərini məğlub etməyi bacarıb.
Lakin “Qarabağ”ın xeyrinə olan amili də heç bir halda unutmaq olmaz. “Köhlən atlar” sözün əsl mənasında səfər komandasıdır.
Uzağa boylanmağa gərək yoxdur. Yaxın keçmişə boylanmaqla ağdamlıların rəqib meydanında əldə etdiyi parlaq qələbələri yada salmaq mümkündür.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv son 2 ildə - 2022-ci ilin yayından bu yana səfərdə 18 oyun keçirib. Bunların yalnız 2-də heç-heçə qeydə alınıb. 8 dəfə qələbəyə sevinən Azərbaycan çempionu 8 halda məğlub olub.
“Qarabağ”ın meydandan başıaşağı yola saldığı komandalar bunlardır:
“Ferentsvaroş” – “Qarabağ” 1:3
“Olimpiakos” - “Qarabağ” 0:3
“Linkoln” - “Qarabağ” 2:1
HİK - “Qarabağ” 1:2
“Olimpiya” - “Qarabağ” 1:2
“Haken” - “Qarabağ” 0:1
“Braqa” - “Qarabağ” 2:4
“Linkoln” - “Qarabağ” 0:2
“Linkoln”u çıxmaq şərti ilə digərləri “Ludoqorets” səviyyəsində, hətta bəziləri bolqarlardan üstün rəqiblər olub. Ancaq “Qarabağ” bu komandaların qapısından 2-3-4 top keçirməyi bacarıb.
Demək ki, Razqradda qələbəyə sevinmək kifayət qədər real və mümkündür. Qalır onu istəmək və əldə etmək üçün son dərəcə diqqətli olmaq.
Avqustun 13-də “Huvepharma Arena”da keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
HƏBİB / SPORTINFO.AZ

