“Qarabağ”ın yeni qapıçısı Fabiyan Buntiç ölkəmizə gözüyumulu gəlməyib.
“Ştutqart”ın yetirməsi Azərbaycandan təklif alan kimi araşdırmalara başlayıb və müəyyən məlumatlar toplayıb.
Bu işdə ona “Qarabağ”ın sabiq qapıçısını yaxından kömək olub.
Xorvatiyalı Sportinfo.az-a verdiyi açıqlamada həmin şəxsin adını çəkərək, ölkəmizdə özünü olduqca məmnun hiss etdiyini deyib:
“Vaxtilə “Qarabağ”ın şərəfini qorumuş Asmir Beqoviçlə şəxsi tanışlığım var. Burada az müddət keçirsə də, kifayət qədər məlumatlara sahibdir.
Asmir mənə hər kəs və hər şey haqda yalnız xoş sözlər söylədi. Və düşünmədən müsbət qərar verməyi tövsiyə etdi.
Gördüklərimdən sonra onun dediklərinə şübhə yeri qalmadı. Şəhər gözəldir, insanlar mehribandırlar, ən vacibi, mükəmməl komandaya sahibik.
Azərbaycanda və “Qarabağ”da olmaqdan çox məmnunam. Mənə bəslənən ümidləri doğrultmaq üçün əlimdən gələni etməyə çalışacağam”.
Maraq üçün bildirək ki, 2019-cu ilin sentyabr ayından həmin ilin dekabrına qədər “Qarabağ”da çıxış etmiş Beqoviç vaxtilə Premyer Liqada “Çelsi”, “Portsmut”, “Stok Siti”, “Bornmut”, “Everton” kimi komandaların şərəfini qoruyub.
HƏBİB

