COP29

SOS! Adını “Qarabağ”ın tarixinə qara hərflərlə yazdırmış adam yenə iş başında

30 Noyabr 2023 16:40 Qarabağ 4 828
SOS! Adını “Qarabağ”ın tarixinə qara hərflərlə yazdırmış adam yenə iş başında

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Molde" (Norveç) - "Qarabağ" matçı üçün hakim təyinatları müəyyənləşib.

Matçı Belçikadan Erik Lambrexts idarə edəcək.

Ona Co de Veyrdt və Kevin Monteni kömək göstərəcəklər. Natan Verbumen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Benoi Millo (Fransa) və Yan Boterberq (Belçika) VAR hakimləri olacaqlar.

39 yaşlı referi hakimliyə 23 yaşında başlayıb. 28 yaşında Belçikanın yüksək liqa oyunlarına təyinat almağa başlayıb, 2 ildən sonra FİFA hakimi statusuna yiyələnib.

Əsl peşəsi satış meneceri olan ədalət təmsilçisi 8 ildə avrokuboklarda 31, milli komandalar səviyyəsində 26 oyunda meydanda əsas söz sahibi olub.

Belçikalı hakim karyerası ərzində Azərbaycan adını çox eşidib, hətta yaxın keçmişdə Bakıya səfər edib.

Bizimkilərlə ilk tanışlığı 2016-cı ilə təsadüf edir. “Neftçi”nin Avropa Liqasının təsnifat mərhələsində “Şkendiya” ilə səfərdəki görüşünü məhz bu referi idarə edib.

Təmsilçimizin 0:1 hesabı ilə uduzduğu qarşılaşmada Erik “ağ-qaralar”ın 5 oyunçusuna “sarı” vərəqə göstərib, Vançe Şikovu meydandan qovub.

2018-ci ilin noyabrında 19 yaşa qədər futbolçular arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin ilk görüşündə Azərbaycanla İsrailin müvafiq yaş qrupları görüşəndə, Lambrexts Tbilisidəki matça baş hakim kimi təyinat alıb.

Bizimkilərin 1:4 hesabı ilə uduzduğu oyunda 3 futbolçumuz sarı vərəqə ilə cəzalanıb.

Həmin turnirin sonuncu duelində Erkin yenə iş başında olub. Bu dəfə Vüqar Məmmədin yetirmələri Lixtenşteyndən olan həmyaşıdları ilə qarşılaşıb.

Yığmamızın böyük üstünlüyü şəraitində keçən görüşdə Azərbaycan millisi 3:0 hesabı ilə qalib gəlib. Yenə 3 futbolçumuz “sarı” ilə cəzalanıb.

Azərbaycanlılarla yolu buna qədər 3 dəfə kəsişən Lambrexts 4-cü cəhdində Bakıya səfər etmək məcburiyyətində qalıb. Həm də “Qarabağ”ın oyununa.

2021-ci ilin payızında “köhlən atlar” Avropa Konfrans Liqasının qrup mərhələsində çıxış edəndə, sentyabrın 16-da Bakıda “Bazel”i qəbul edib.

Belçikalı ədalət qoruyucusunun baş hakim kimi təyinat aldığı dueldə qapılara qol vurulmayıb. Həmin gün Kadi Borges qarşısında hakimin “sarı”sını görüb.

Erik Lambrexts həm də adını “Qarabağ”ın tarixinə qara hərflərlə yazdırmış adamdır. Ötən ilin sentyabrında Almaniyada keçirilən “Frayburq” - “Qarabağ” matçını xatırlayırsınız?

“Köhlən atlar”ın qapısına olmayan penaltini təyin edən, rəqibin cərimə meydançasında Zubirə qarşı kobudluğu görməzdən gələn və VAR-a baxmağa ehtiyac duymayan, hər imkanda almanların xeyrinə fit çalan adam. Özüdür ki, var – Erik.

Və bu hakim 1 ildən sonra yenə “Qarabağ”ın taleyini həll etmək üçün təyinat alıb.

Belçikalı referi əsas millimizin oyununda da fit çalıb. 2021-ci ilin oktyabrında DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin səfərdə Serbiya ilə görüşündə Erik meydanda yaşananlara nəzarət edib.

90 dəqiqənin tamamında meydan sahibləri 3:1 hesablı qələbəyə sevinib.

Gördüyünüz kimi, Erik Lambrextsin ayağı bizimkilər üçün düşərli deyil. 6 oyunun yalnız 1-də qələbə sevinmişik ki, onda da 19 yaşlılarımız Lixtenşteynin gənclərini udub.

Digər 4 qarşılaşmada məğlubiyyət acısı yaşamışıq, 1 dəfə heç-heçə qeydə alınıb.

Görək satış meneceri (alverçi) bu dəfə hansı hoqqaları ilə diqqətləri üzərinə çəkəcək.

Noyabrın 30-dan dekabrın 1-nə keçən gecə keçiriləcək “Molde” - “Qarabağ” oyunu Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"