Premeyer Liqanın lideri "Zirə" növbəti 3 xalı "Sumqayıt"la matçda aktivinə yazdıra bildi.
Komanda uzun müddət meydanda azlıq qalmasına rəğmən önəmli 3 xalı 1:0- lıq qələbə ilə əldə etdi.
Paytaxt təmsilçisinin yarımmüdafiəçisi Rüstəm Əhmədzadə ilə müsahibəyə də elə bu sualla başladıq.
- 80 dəqiqədən çox azlıqda mübarizə apardığınız oyundan qalib ayrılmağı necə bacardınız?
- Oyun bizim üçün 10-cu dəqiqədən belə baş tutsa da, yaxşı və konsentrasiya ilə oynadıq. Meydanda hamı bütün gücünü və qələbə arzusunu verdi.
- Mövsümə əla start vermisiniz. Belə başlanğıc sizi də təəccübləndirir, yoxsa belə başlanğıc gözləyirdin?
- Bəli, yaxşı başladıq, lakin bu, bizi təəccübləndirmir. Amma nəticələr bizi arxayınlaşdırmır. Hər oyunu qələbə üçün oynamağa və daha da böyük nəticələr əldə etməyə köklənmişik. -5 turdan sonra 15 xalla lider "Zirə"di. Uğurun davamın gətirmək üçün qarşıdakı matçlar nəyə daha çox diqqət etməniz lazımdır?
- Düşünürəm ki, oyunumuzun maksimum konsentrasiyası olmalıdır. İstirahət etməməli, yaxşı münasibət qurmalı və daha da hazırlaşmalıyıq. Əgər əlimizdən gələnin ən yaxşısını göstərsək, yaxşı olmağa davam edəcəyik.
- "Qarabağ", "Neftçi" və "Sabah"ın olduğu çempionatda lider kürsüsündə əyləşmək necə hissdir?
- Əlbəttə, çempionatda kifayət qədər yaxşı komandalar var. Belədə birinci yeri tutmaq çox xoşdur, amma yenə də çempionat uzun marafondur. Əsas odur ki, bu yeri qoruyub davam edək.
- "Zirə"də hələ də əsas heyət üzvünə çevrilə bilməmisən. Buna nə mane olur?
- Daha stabil olmalıyam. Baş məşqçinin göstərişlərinə əməl etməli və təbii ki, fərdi oyunumu təkmilləşdirməliyəm. Oyunda təsirli hərəkətlər etməliyəm. Məncə, bütün bunlara əməyin və istəyin hesabına nail olmaq olar. Düşünürəm ki, düzgün yoldayıq.
XANOĞLAN İMANOV

