UEFA Avropa Konfrans Liqasının sosial şəbəkə hesabında pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Gent" (Belçika) matçı ilə bağlı maraqlı paylaşım edilib.
Rəsmi hesabdan Ağdam klubunun hücumçusu Musa Qurbanlı və Belçika təmsilçisinin forvardı Uqo Kuypersin fotosu yerləşdirilib.
Paylaşıma isə bu başlıq seçilib: "Qurbanlı, yoxsa Kuypers? Cümə axşamı kim qol vuracaq?
Kimin qola vura biləcəyini indidən demək çətin məsələdir. Bu suala, ancaq oyundan sonra cavab tapa bilərik.
Adıçəkilən futbolçuların müqayisəsini isə aparmaq olar. Bu mövsüm hansı necə yadda qalıb deyə…
Musa Qurbanlı – Ağdamlıların parlayan ulduzu mövsümün əvvəli heç də əsas heyət üzvü sayılmırdı. Tədricən oyunlarda özünü yaxşı tərəfdən göstərən forvard indi komandasının “vuran ayağı”dır. Mövsümün arxada qalan bölümündə 2-si kubok olmaqla, 21 oyunda oynamaq imkanı qazanıb. 2-si ölkə kuboku olmaqla 18 qol vuran gənc oyunçunun aktivində 4 qol ötürməsi də var. O, bu statistikanı cəmi 1426 dəqiqəyə sığdıra bilib. Əksər vaxt sonradan meydana daxil olaraq adını tabloya yazdıra bilib.
Bəzən hakim qərarlarına çılğınlıqla reaksiya verən “9 nömrə”nin aktivində 3 sarı vərəqə də olduğunu bildirək.
Uqo Kuypersin – Belçikalı hücumçu meydanda çıxdığı 24 oyunda 14 qol və 3 asistlə yadda qalıb. İntizamlı təsir bağışlayan futbolçunun aktivində cəmi 1 sarı vərəqə var. O, bu nəticəsini meydanda olduğu 1923 dəqiqəyə sığdırıb.
Göründüyü kimi, daha az meydanda olan Qurbanlı daha çox qol vurması ilə diqqət çəkir. Baxmayaraq ki, həmkarı ondan 6 yaş daha təcrübəlidir. Musanın axsadığı digər məqam da təcrübə ilə bağlıdır. Belə ki, o, Konfrans Liqasında cəmi 3 dəqiqə oynamaq imkanı qazanıbsa, həmkarı bu mövsüm avrokuboklarda keçirdiyi 7 oyunda 326 dəqiqə meydanda olub və 3 qolla yadda qalıb.
Hə, onu da unutmaq olmaz ki, Kuypers Belçika çempionatında, Qurbanlı isə Azərbaycan Premyer Liqasında qollarını vurub. Liqalar arasındakı fərq çox böyükdür.
Amma ümid edək ki, 20 yaşlı "Qarabağ"lı öz səviyyəsini belə rəqiblə meydandakı qarşılaşmasında da ortaya qoyacaq.
Fərqli liqalar, fərqli rəqiblərlə oyunlardakı üstünlüyünü Tofiq Bəhramov adına Respublika stadionuna da daşıya biləcək.
Bir sözlə, bu gün təkcə baş məşqçi Qurbanovun zəkasına yox, həm də oğul Qurbanovun sərrastlığına ehtiyac var.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Gent" oyunu saat 21:45-də başlayacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

