COP29

Dərsini yaxşı oxuyan və ya “Qarabağ”ı təpədən-dırnağa incələyən adam belə olar!

8 Avqust 23:00 Qarabağ 4 377
Dərsini yaxşı oxuyan və ya “Qarabağ”ı təpədən-dırnağa incələyən adam belə olar!

Futbolda əzbər güclü «silah»dır. Rəqibi futbolçularına əzbərlətmək hər məşqçinin başı üçün deyil.

Nə olsun ki, hər komandanın sükanı arxasında dayananların vəzifəsi baş məşqçi gedir.

«Ludoqorets»u çalışdıran Georgi Dermenciyev dərsini yaxşı oxumasına şübhə yeri buraxmadı.

Adım kimi əminəm: «Qarabağ» barədə daha əvvəl planlar qurmağa başlayıb, işini ehtiyatlı tutub. «Qarabağ»ı təpədən-dırnağa incələməyə bir həftə kifayət etməz.

Bolqarıstanlı məşqçi «Qarabağ»ı xeyli öncədən «süzgəc»dən keçirməsəydi, «Ludoqorets» Bakıda o cür sərt və «dişli» oyunu ilə yerli publikanı təəccübləndirə bilməzdi.

İlk iki zonada möhkəm qapandılar, «Qarabağ»ın üzərinə az, amma saz gəldilər. Başla vurduqları hər iki qol üzərində uzun müddət işlədiklərinə şübhəm yoxdur.

Böyük qüvvə ilə irəli atılan «Qarabağ»ın harada və hansı epizodda boşluğa yol verəcəyini zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdilər.

Bilirdilər ki, o boş həlqəni necə tapmaq və yarmaq olar.

Zubir və Yankoviçin başının üstünü ala qarğa kimi almadılar. Sanki quzğun idilər.

Romaonun əsəblərini yoxlamaqdan, onu tarıma çəkməkdən sonadək vaz keçmədilər. Benzianın ayağına «oturdular».

Bu yandan da hakim... İsveçrəli Urs Şnider simpatiyasının istiqamətini heç əvvəlcədən gizlətmədi, «Ludoqorets»in etdiyi fuallara bir çox halda göz yumdu.

Belə əsəbi şəraitdə oyunu çevirmək əlavə güc tələb edirdi. Sonradan meydana çıxanlar isə «Qarabağ»a o gücü qatmadı.

Və yeganə ümid qaldı Razqrada…

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi