COP29

Azərbaycanda azadlığa buraxılan idmançı nə üçün yenidən həbs olundu?

21 May 01:50 Problem 522
Azərbaycanda azadlığa buraxılan idmançı nə üçün yenidən həbs olundu?

Bir neçə gün əvvəl məhkəmə zalından azadlığa buraxılan MMA döyüş növü üzrə idmançı Vüqar Kərəmov yenidən həbs edilib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Bakı Apelyasiya Məhkəməsi qərar qəbul edib.

Vüqar Kərəmovun azadlığa buraxılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından narazı qalan prokuror apelyasiya protesti verib. Hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Vüqar Kərəmov barəsində Xətai Rayon Məhkəməsinin qərarı ləğv edilib və onun barəsində yenidən həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və 3 tələbəsi digər MMA döyüşçüsü Həsən Əzizovun şikayəti əsasında açılmış cinayət işi üzrə həbs ediliblər.

Bildirilir ki, bir neçə ay əvvəl dənizkənarı bulvar ərazisindəki ticarət-əyləncə mərkəzlərindən birində MMA döyüş növü üzrə yarış keçirilib. Lakin Həsən Əzizov yarışın keçirildiyi zala buraxılmayıb. O, zala daxil olmaq istəyərkən münaqişə baş verib və Ruslan Əfəndiyevlə tələbələri idmançını kütləvi şəkildə döyərək xəsarətlər yetiriblər. Bundan sonra Həsən Əzizov tibb müəssisəsinə və polisə müraciət edib. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Adları çəkilən idmançılar barəsində Xətai Rayon Məhkəməsi 1 ay 26 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Hadisənin digər iştirakçıları Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib. Aprelin 24-də Xətai Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Qərara əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov və Rüfət Əsədovun barəsində həbs-qətimkan tədbirinin müddəti daha 1 ay uzadılıb. Vüqar Kərəmovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatı təmin edilməyib və onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Həbsdəki keçmiş icra başçıları azadlıq yolunda

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda az ağır cinayətlər kateqoriyasına aid olan əməllərə görə vətəndaşların istintaq zamanı həbsdə saxlanılması praktikası hələ də dəyişmir: “Bu ilin martında parlamentdə ombudsmanın məruzəsi dinlənildi. Ombudsman Səbinə Əliyeva dedi ki, istintaq təcridxanalarında və bəzi cəzaçəkmə müəssisələrində mövcud normadan çox şəxsin saxlanıldığı halları müşahidə edilib. Hesabatda bildirilir ki, 2500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında başçəkmələr zamanı orada limitdən daha çox şəxsin saxlanıldığı müəyyən olunub. Bununla yanaşı, 700 nəfərlik 2 saylı İstintaq Təcridxanasında 800, 1050 nəfərlik 3 saylı İstintaq Təcridxanasında 1400 nəfərin saxlandığı, 1200 nəfər saxlanma limiti olan 2 saylı cəzaçəkmə müəssisəsində isə 1411 məhkumun cəza çəkdiyi müəyyənləşib. Yəni açıq şəkildə deyilir ki, təcridxanalarda yer yoxdur. 1 nəfərlik yerdə 3-5 nəfər saxlanır. Bunun qarşısını almaq üçün illərdir ki, qanunlar qəbul olunur, dəyişdirilir, əlavələr yazılır. Hüquq mühafizə orqanları sovetdənqalma "dərhal həbs" qərarını dəyişməyə tələsmirlər. Məhkəmələr də bu istiqamətdə aciz görünür. Məhkəmə şəxsin əməlini nəzərə alıb istintaq dövründə açıb buraxır, istintaq orqanı protest verir, yenidən həbs etdirir. Bu praktikaya son qoyulmalıdır".

Natiq Ələsgərov deyir ki, bu gün Azərbaycanda “dərhal həbs” problemini həll etmək üçün yeni türmələr tikilir: “Dövləti xərcə salmaqdansa, bir çox əməllər üzrə həbslə bağlı olmayan qərarların verilməsi, ibtidai istintaq dövründə həbs-qətimkan tədbirlərinin digər qətimkan tədbirləri ilə əvəzlənməsinə imkan verilməlidir. Aydındır ki, bəzi cinayətlərə görə həbsin seçilməsi vacibdir. Məsələn, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin barəsində həbs-qətimkan tədbirinin seçilməsi çox zəruridir. Əks halda, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlara, narkotacirlərə qarşı mübarizə əhəmiyyətsiz olar. Amma xırda xuliqanlığa görə mübahisə edib barışmış şəxslərin həbsə alınması qanunun düzgün tətbiq edilməməsidir. İki qonşu dalaşıbsa, barışıbsa, bu şəxslərin cərimələnməsi kifayət olduğu halda həbsə göndərilməsi ədalətli deyil. Ona görə də Azərbaycan qanunvericiliyinin hər bir məhkum üçün saxlama yerinin 4 kvadrat metrdən az olmaması tələbi hər gün pozulur. Az qala 1 məhkuma 1 kvadrat metr düşür”.

Natiq Ələsgərov deyib ki, bu məsələlər hüquq-mühafizə orqanı rəhbərlərinin, Ali Məhkəmə sədrinin iştirakı ilə müzakirə olunmalı, lüzumsuz həbs-qətimkan tədbirinin seçilməsi halları nəhayət ki, aradan qaldırılmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti