Azərbaycanda top qovan ukraynalı futbolçular üçün mövsümün başa çatması bayram deyil.
Əlacları olsa, istirahət dönəmindən imtina edib futbol oynayarlar.
Niyə?
Çünki fasilə dövründə digər ölkələrdən olanlar ailələri, doğmaları, əzizləri ilə xoş vaxt keçirdiyi halda, onlar vətənə - Ukraynaya gedə bilmirlər.
Müharibə şəraitinə görə ölkəyə giriş-çıxışla bağlı tətbiq olunmuş qanun-qadağalar futbolçuları Ukraynaya ayaq basmaqdan məhrum edib.
Məsələn, “Şamaxı”nın üzvü Vladislav Veremeyev istirahət etmək üçün vətəninə yox, Polşaya üz tutub. Səbəb az öncə qeyd olunan kimidir – Ukraynaya daxil olsa, Azərbaycana geri qayıtmaq problemə çevriləcək.
Bəs, Ukraynaya hansı futbolçular rahat giriş-çıxış edə bilir?
Ukrayna klubu ilə rəsmi müqaviləsi olanlar. Onlar orada işçi sənədinə malikdir ki, istədikləri vaxt ölkəni tərk edib qayıda bilir. Başqa hallarda sərhəddə çətinliklə üzləşə bilərlər.
Bu qayda təkcə futbolçulara yox, məşqçilərə də aiddir. Buna görə də onlar doğmaları ilə telefon vasitəsi ilə əlaqə qurur, görüntülü danışır, ən yaxşı halda başqa ölkələrin birində görüşürlər.
Rusiya-Ukrayna müharibəsi insanlar üçün bu cür çətinliklərə səbəb olub.
HƏBİB / SPORTİNFO.AZ

