"Neftçi" "Qanlı Yanvar"da necə intiqam aldı? - Ermənilərlə əlbəyaxa olduq və... VİDEO

22 Yanvar 2023 00:50 Neftçi 950
"Neftçi" "Qanlı Yanvar"da necə intiqam aldı? - Ermənilərlə əlbəyaxa olduq və... VİDEO

Birlik Kuboku 2016-cı ildən keçirilmir. Lakin azərbaycanlı azarkeşlər turniri unutmurlar.

Birlik Kubokunun son illəri bu turnirdə iştirak edən klublarımız üçün uğurlu alınmışdı.

Rusiyada keçirilən yarışla bağlı unudulmaz xatirələrimiz də var.

Məsələn, “Neftçi” – “Pünik” matçı. 18 il ötsə də, həmin oyunu bu gün də Azərbaycan futbol ictimaiyyəti ehtiraslı şəkildə yaşayır. SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq təmsilçilərimiz Ermənistan klubları ilə qarşılaşırdı.

Hər bir azərbaycanlı üçün görüşü əhəmiyyətli edən onun 20 yanvar hadisələrinin il dönümündə keçirilməsi idi. Sovet dövründə bu ölkənin komandalarının görüşləri yüksək riskli hesab edilmirdi.

Üstəlik, oyunçuları sərbəst şəkildə qonşu respublikanın klublarında oynaya bilirdilər. Bu, 1980-ci illərin ortalarına qədər davam etdi.

Ermənilərin azərbaycanllılara qarşı törətdiyi çirkin əməllər futboldan da yan keçmədi. Buna görə SSRİ çempionatında iki ölkənin klubları arasındakı oyunlar neytral meydanda keçirməli oldu. Məsələn, 1988-ci ildə “Nefçi” ilə “Ararat” arasında oyunlar Kişinyov və Volqoqradda baş tutdu.

“Neftçi” həmin mövsüm birinci liqaya düşdükdən sonra 2 oyunda erməni klubuyla yolu kəsişdi. Matçlar Novorossiyskdə keçirildi. Həmin vaxtdan sonra Azərbaycan və Ermənistan klublarının yaşıl meydanlarda yolu bir daha kəsişmədi. Çünki 1990-cı il mövsümündə komandalar bir-biriləriylə oynamaqdan imtina etdilər.

Tarixə Qara Yanvar kimi düşən günlər hər il ölkəmizdə böyük ehtiramla anılır. Hər bir azərbaycanlı bu gün fərqli hisslər yaşayır. 2005-ci ilin yanvarında 19-da baş tutan “Neftçi” – “Pünik” matçı da hər bir azərbaycanlı üçün olduqca vacib qarşılaşma idi. Rusiyanın müxtəlif bölgələrində yaşayan minlərlə soydaşımız Mosvkaya axışmışdı. Onlar “ağ-qaralar”a dəstək olmaq üçün gəlmişdilər.

2005-ci ildə keçirilən Birlik Kubokuna “Neftçi” uğurla başlamışdı. Bakılılar Moldova və Türkmənistan çempionlarına qalib gələrək qrup lideri kimi 1/4 finala vəsiqə qazanmışdı. “Pünik” isə yalnız yaxşı top fərqi sayəsində bunu bacarmışdı.

Qarşılaşma 1500 tamaşaçı tutumuna malik "Dinamo” manejində keçirilirdi. Bu səbəbdən çoxsayda həmyerlimiz stadiona buraxılmadı. Oyunla bağlı azsaylı videolardan da görünür ki, tamaşaçıların əksəriyyəti azərbaycanlılar olub. “Neftçi”nin həmin vaxtkı vitse-prezidenti Ramin Musayev həmin günləri belə xatırlayır:

"Biz stadiona gəldik və dərhal başa düşdük ki, heç bir problem olmayacaq. Biletlər bərabər bölünməli idi, amma bizə ermənilərdən üç dəfə az verildi. Arenaya daxil olanlardan bilet kimi istifadə olunan kartları götürüb fırıldaq etmək qərarına gəldim, küçəyə çıxıb digər “Neftçi” azarkeşlərinə verdim. Və buna görə də daha çox azarkeşin içəri daxil olmasına nail oldum. Hava soyuq idi, lakin buna baxmayaraq, komandamızın xeyli sayda azarkeşi çöldə qaldı”.

Oyunu idarə Yuri Baskakov isə bu qarşılaşmanı karyerasının ən çətin oyunu adlandırıb. Onun sözlərinə görə, erməni futbolçular hakimləri təhqir etməkdən çəkinmirdilər. Hakim futbolçulara göstərdiyi vərəqələrin sayını da unutduğunu deyir.

Tribunalarda da vəziyyət elə də yaxşı deyildi. Bunun səbəbi isə erməni azarkeşlərin təxribatları idi. “Pünik” azarkeşləri təşkilatçılar tərəfindən stadionun eyvanında asılan Azərbaycan bayrağına qarşı bizim üçün heç də xoş olmayan hərəkət etdilər. Ancaq "Neftçi" azarkeşləri şanlı bayrağımızın üzərinə asılan erməni bayrağının orada çox qalmasına imkan vermədilər.

“Stadion ikiyə bölünmüşdü. Bir tərəf ermənilər, bir tərəfdə azərbaycanlılar idi. Amma ermənilərin iyrənc hərəkətinin həzm etməyən 12-13 yaşlı azərbaycanlı uşaq onlar tərəfə keçərək bayrağımızın üstündəki bayrağı kənara atdı. 12-13 yaşlı uşağdakı qeyrətə baxın. Bütün bunları oyunçularımız da görürdülər” – deyə Ramin Musayev həmin anı belə xatırlayır.

Bütün bunların fonunda matçın nəticəsi istədiyimiz kimi oldu. İnamlı oyun nümayiş etdirən “ağ-qaralar” rəqibinə Georgi Adamiya və Vidadi Rzaevin vurduğu qollarla qalib gələrək bütün Azərbaycana sevinc bəxş etdilər.

“Neftçi” – “Pünik” matçı 90 dəqiqəlik oyundan ibarət deyildi. Meydanda yaşanmayan hadisələrin bir qismi komandaların məskunlaşdığı “Kosmos” otelində reallaşdı. Söhbət hər iki klubun geniş heyəti ilə baş tutan davadan gedir. Musayev həmin anları belə təsvir edib:

“Oyun başa çatandan təxminən 1 saat sonra “Dinamo” manejini tərk etdik. Azarkeşlər də bizimlə birgə otelə kimi gəldilər. “Kosmos”un qarşısında yenidən əyləndik, qələbəni qeyd etdik. Sonra otelə daxil olduq və gördüm ki, ermənilər foyedədilər. Düzdü, onlardan söz deyən olmadı. Amma biri bizə tərəf tüpürdü. Hər şey də bundan sonra başladı. Təbii ki, onun bu addımı cavabsız qala bilməzdi. Qurban Qurbanov, Musa Qurbanov, Rəşad Sadıqov, Zaur Tağızadə, eləcə də legionerlər ermənilərlə əlbəyaxa olduq və tappaturup düşdü (gülür)”.

Bir il sonra “Neftçi” və “Pünik” yenə bir-birilərinə rəqib oldular. Komandalar bu dəfə yarımfinalda qarşılamalı idilər. Ancaq Ermənistan təmsilçisi 1/4 finalda qazandığı qələbədən sonra rəqibinin kim olduğunu öyrənən kimi oyundan imtina etdi. “Pünik”in heyəti elə həmin gün Moskvanı tərk edərək İrəvana yola düşdü. Bu səbəbdən Ermənistan təmsilçisinə texniki məğlubiyyət verildi. “Neftçi” isə həmin il kubokun qalibi oldu. Bu, Azərbaycan futbolu tarixində ilk idi.

Bununla belə, Birlik Kubokunda Azərbaycan və Ermənistan klublarının yolu yenidən kəsişdi. 2011-ci ildə, yenə yanvarın 19-da “İnter”lə “Mika” qarşılaşdı. 1/4 final mərhələsinə təsadüf edən görüşdə təmsilçimiz rəqibini darmadağın etdi - 4:0. Təmsilçimiz klublar arasında keçirilən sonuncu Birlik Kubokunda qalibi olmağı da bacardı.

Heybət Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti