"Neftçi"dən ayrılmaq istədiyini dilə gətirdi, iki təklif "ovcunun içində"

21 Yanvar 2023 13:00 Neftçi 1 279
"Neftçi"dən ayrılmaq istədiyini dilə gətirdi, iki təklif "ovcunun içində"

Qodsvey Donyo tezliklə "Neftçi"ni tərk edə bilər.

29 yaşlı hücumçunun karyerasını Kiprdə davam etdirmək ehtimalı var.

Qanalı forvardın xidmətində "Apollon" (Limassol) maraqlıdır. Baş məşqçi Konstantinos Makridis onu öz sərəncamında görmək istəyir.

"Neftçi"dən Sportinfo.az-a verilən məlumata görə, afrikalı legionerin düşərgəni tərk etmək ehtimalı yüksəkdir.

O, burada özünü doğrulda bilməməsinin fərqindədir və müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verməyə hazır olduğunu klub funksionerləri ilə görüşdə dilə gətirib.

Bu da qeyd olunur ki, Donyoya bir neçə təklif gəlib. Onlardan biri Kiprdən, digəri İsraildəndir.

Hücumçu daha yüksək maliyyə şərtləri irəli sürdüyündən, hələlik ona dəvət göndərən komandalarla heç birinə "hə" deməyib. Ancaq onun qarşıdakı günlərdə buradan ayrılması gözlənilir.

Donyo "Neftçi"yə 2022-ci ilin yayında keçib. Onun "ağ-qaralar"la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. O, Bakı klubunun heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qananın “Right to Dream” akademiyasının yetirməsi olan Donyo oranı bitirəndən sonra – 2013-cü ildə İngiltərəyə - “Mançester Siti”yə yollanıb. Mançester təmsilçisi onu əvvəlcə İsveçin “Yurqorden” (2013), daha sonra “Falkenberq” (2014-2015) klublarına icarəyə verib.

Ardından Danimarka “Norşelland”ına (2016-2020) transfer olunan ön xətt oyunçusu 2020-ci ildə Almaniyada “Dinamo”ya (Drezden) icarəyə verilib.

Donyo sonuncu klubu “Makkabi” (Hayfa, 2020-2022) ilə İsrail çempionatının (2021, 2022), Liqa Kubokunun (2022) və Superkubokunun (2021) qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!