Uzun müddət "Neftçi"dən uzaq düşdü, özündə cəsarət tapmadı ki…

18 Yanvar 2023 19:40 Neftçi 1 048
Uzun müddət "Neftçi"dən uzaq düşdü, özündə cəsarət tapmadı ki…

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” ikinci yoxlama görüşündə məğlubiyyətlə qarşılaşdı.

Polşanın “Miedz” klubu ilə oyunda təmsilçimiz minimal hesabl (1:2) uduzdu.

Məğlubiyyətə rəğmən, qarşılaşmada “Ağ qaralar”ı sevindirən məqam da oldu.

Belə ki, böyük ümidlərlə komandaya transfer edilən, amma zədə səbəbindən uzun müddətdir yaşıl meydanlardan kənarda qalan Sezar Meza Kolli geri döndü.

Baş məşqçi Lorentsiu Regekampf sınaq matçının ikinci yarısında ona meydana çıxmaq fürsəti verdi.

Ötən yay Boluda baş tutan təlim-məşq toplanışında sıradan çıxan futbolçu dizindən əməliyyat olunmuşdu.

Son 6 ayın böyük hissəsin vətənində zədəsinin bərpası ilə keçirən 31 yaşlı yarımmüdafiəçi bir neçə gün əvvəl komandasının düşərgəsinə qayıdıb.

Polşalılarla qarşılaşmadan sonra müsahibə üçün onu seçməyimiz də səbəbsiz deyildi.

Ona ünvanlancaq çox sayda suallarımız vardı. Həm özü, həm də komandası ilə bağlı. Lakin təəssüf ki, paraqvaylı istəyimizə “yox” cavabı verdi.

Meza Kolli onsuz da zədəyə kimi ondan gözlənilən performansı meydanda göstərə bilmirdi. Görünür, futbolçu zədədən sonra da bunun baş verəcəyinə ümid etmir.

Hər halda, əksi olsaydı təcrübəli oyunçu susmaq əvəzinə sinəsini qabağa verər, məsuliyyəti çiyinlərinə götürərdi. Mövsümün ikinci yarısı üçün xoş gələcəkdən ümid dolusu danışardı. Ən azından ondan çox şey gözləyən sadiq fanatlara xatir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti