“Neftçi”nin kapitanı azarkeşlərə 2 SƏBƏB GÖSTƏRDİ

13 Yanvar 2023 21:20 Neftçi 1 248
“Neftçi”nin kapitanı azarkeşlərə 2 SƏBƏB GÖSTƏRDİ

Qış təlim-məşq toplanışı üçün Antalyanı seçən “Neftçi” hazırlıqlarını gündə iki dəfə olmaqla kurort şəhərinin Belek bölgəsində davam etdirir.

“Ağ-qaralar” hazırlıq dönəmində yoldaşlıq görüşü keçirməyə imkan tapıb.

Rumıniyalı çalışdırıcı Laurentsiu Regekampfın başçılıq etdiyi kollektiv ilk matçda Macarıstan çempionatının sonuncusu “Vaşaş”la qarşılaşıb və 90 dəqiqə ərzində qapılara top vurulmayıb.

Oyundan sonra “Neftçi” azarkeşlərinin klubun səsial şəbəkə hesablarında yazdığı şərhləri oxuyanda, onların narahatlıq içində olduğunu görmək çətin deyildi.

Həm komandanın sərgilədiyi oyuna, həm də qeydə alınan nəticəyə kəskin etiraz edən futbolsevərləri müəyyən mənada başa düşmək olar.

“Ağ-qaralar”ın Premyer Liqada 3-cü pillədə yer alması, ölkə kubokunda güc-bəla ilə yarımfinala yüksəlməsi fanatları narahat etməyə bilməz.

Komandanın kapitanı Emin Mahmudov Sportinfo.az-a açıqlamasında toplanışın gedişatı və sözügedən sınaq matçı ilə bağlı fikirlərini bölüşüb:

“Fasilə dönəmində ailəmlə birgə Dubaya getmişdim. Övladlarımla birgə dincəlməyə çalışdıq. İstirahət üçün vaxt elə də çox deyildi deyə, idman formamızı qoruya bilmişik. Cəmi 10 gün zamanımız var idi.

Qayıdan kimi yüklənmə məşqlərinə başladıq. “Vaşaş”la oyunumuz da həmin ərəfəyə təsadüf etdi.

Yüklənmə məşqləri olanda ayaqlar ağırlaşır, loru dildə desəm, ayaqları hiss etmirsən. Oyuna yorğun çıxmışdıq.

Çünki plan beləydi, məşqçi bizi yüklənmə fonunda görmək istəyirdi. Toplanışın ilk matçı həmişə belə olur.

Digər tərəfdən, ilk hissənin ortalarında hava dəyişdi, güclü yağış başladı. Meydan sürüşkən idi deyə, topla rəftarı sevən bizim kimi komanda üçün istədiyini etmək çətinləşirdi.

Dediyim kimi, həm də yorğunluq. Əsas odur ki, belə vəziyyətdə meydanı zədəsiz, itkisiz başa vura bildik”.

Belek bölgəsindəki “Gloria Verde Resort” otelində məskunlaşan “Neftçi” qardaş ölkədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

“Ağ-qaralar” yanvarın 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!