“Neftçi” Yusuf Lavalın gedişinə niyə icazə verdi?

14 Yanvar 2023 23:00 Neftçi 1 152
“Neftçi” Yusuf Lavalın gedişinə niyə icazə verdi?

Yusuf Lavalın “Neftçi”dən ayrılıb, Portuqaliya “Arouka”sına keçidi narazılıqla qarşılandı.

Ki, qış fasiləsində komandanın güclənməsini gözləyən fanatlar əsas liderlərindən birini də itirməklə qarşılaşdılar.

Amma Lavala indiki durumda “ağ qaralar”ın əsas lideri demək olarmı?

Düzdü, nigeriyalı oyunçunun paytaxt klubunda xidmətləri çox olub. Bir çox oyunlarda vacib qolları, ötürmələri ilə komandasının dadına çatıb.

Elə uzun illərdən sonra gələn sonuncu çempionluqda da afrikalı oyunçunun böyük əməyi olub. Lakin bütün bunlar keçmiş zamanla bağlıdır. Zaman isə gedir. Dünənki xidmətlərinə görə "çox sağ ol", bəs, bu gün?

Nə qədər acı olsa da, bugünkü Laval heç keçmişdəkinin kölgəsi də deyil. O, son aylar özünü lider kimi aparmırdı. Oynamaq istəmirdi, oyunu alınmırdı bilmirəm, fakt odur ki, ondan gözləniləni vermirdi. Sanki gedişinə zəmin yaradırdı.

Ötən mövsümə kimi cinahının ağası olan, rəqiblərin qorxulu yuxusuna çevirlən vinger bu gün rəqiblər üçün o qədər də təhlükəli deyildi.

Futbolçunun arxada qalan yarım ildə göstərdiyi performansın zəifliyi statistikada da özünü bariz göstərir.

24 yaşlı legioner meydana çıxdığı 18 oyunda cəmi 1 qol və 3 asistlə yadda qalıb.

Konfrans Liqasında “Rapid”ə qarşı matçda ilk asistini edən futbolçu Premyer Liqada 1 qol və asistə imzasını atıb.

Onun digər qol ötürməsi ilə “Zirə” ilə ölkə kubokunun cavab matçına (3:1) təsadüf edir.

Təsəvvür edin, Premyer Liqadakı son 13 oyununda ön xətt oyunçusu heç nə ilə yadda qalmayıb. Laval 2020-ci ildən "ağ qaralar"ın şərəfin qoruyur. Arxada qalan iki mövsümün heç birin də bu qədər zəif Yusuf Laval olmayıb.

Belə uğursuz çıxışın fonunda ən doğru qərar elə yarımmüdafiəçinin gedişinə yol açmaq idi. Ki, ”Neftçi” rəhbərliyi doğru olanı etdi. Hətta bir qədər gecikmiş qərar da saya bilərik.

Məncə, indiki məqamda fanatlar Lavalın niyə göndərildiyinə görə yox, niyə gec göndərilməsinə və yeni transferlərin niyə hələ də edilməməsinə görə rəhbərliyi tənqid etsə, qınasa daha məntiqli olar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!