Yenidən Azərbaycan millisindən dəvət gözləyirsiz?

8 Aprel 2020 20:20 Milli komanda 796
Yenidən Azərbaycan millisindən dəvət gözləyirsiz?

Sportinfo.az İsraildə "Makkabi"nin (Petah Tikva) formasını geyinən Azərbaycan millisinin yarımmüdafiəçisi Əli Babayevin müsahibəsini təqdim edir:

- Koronavirus pandemiyası ilə əlaqədar İsraildə ümumi vəziyyət necədir? Evdən çölə çıxa bilirsinizmi?
- İsraildə vəziyyət nisbətən yaxşıdır. Yalnız supermarket və aptekə getmək üçün evi tərk etmək icazəsi var. Komandadakı fitness məşqçimizdən məşq planını almışıq və evdə ona uyğun hazırlaşırıq.

- Futbolçu üçün belə həyat tərzi darıxdırıcı deyil?
- Cansıxıcı həyat tərzidir. Futbolda ötrü çox darıxmışam. Futbol mənim üçün peşədən savayı həm də bir yoldur. Futbol həyatdır.

- Hazırkı vəziyyət sizə psixoloji baxımdan mənfi təsir etmir?
- Xeyr, psixoloji cəhətdən elə bir təsiri yoxdur. Əksinə, vəziyyət məni daha da gücləndirir. İndi təhlillər aparmağa, harada səhv etdiyimlə bağlı düşünməyə vaxtım çoxdur. Bütün bunları daha yaxşı olmaq üçün edirəm.

- Özünüz koronavirusla bağlı hansı tədbirləri görmüsünüz?
- İndiki vəziyyətdə tələb çox sadədir: özünü qoru, maskanı, əlcəyini tax, gigiyenik qaydalara əməl et. Başqa nəsə etməyə ehtiyac yoxdur.

- İsrailin birinci liqasında 28 turdan sonra çempionat dayandırılıb. Mübarizənin bərpası nə zamana planlaşdırılır?
- Bəli, 28-ci turdan sonra çempionat dayandırıldı. Mayın əvvəlində məşqlərə qayıdacağımıza ümid edirik. Mükəmməl keçən mövsümü meydanda başa vurmaq istəyirik.

- Komandanız hazırda 1-ci pillədə qərarlaşır. Çempionat bərpa edilməsə, elitaya yüksələcəksiniz?
- Mövsüm davam etdirilməsə, hansı qərarın veriləcəyini bilmirəm. Ancaq ümid edirəm ki, qalan oyunları da keçirər, missiyamızı tamamlayarıq. İsrail Futbol Assosiasiyasının hansı qərarı qəbul edəcəyini səbirsizliklə gözləyirik.

- "Makkabi"də müntəzəm çıxış edirsiniz. Petah Tikva klubunda işləriniz necə gedir?
- Oyunlarda ilk "11-lik"də yer aldığım və komandanın kapitanı olduğum üçün çox məmnunam.

- Yenidən Azərbaycan millisinə çağırılmağınız gözlənilirdi. Oyunlar dayandırılmamışdan əvvəl AFFA-dan Malta toplanışına dəvət almamışdınız?
- Xeyr, təxirəsalmalardan əvvəl heç kim mənimlə əlaqə saxlamamışdı. Əgər mənimlə danışsalar, təlim-məşq toplanışına qatılmağımı istəsələr, çox xoşbəxt olaram.

- Nikola Yurçeviçin rəhbərliyi altında məşq etdiniz, ötən ilin martında Litva ilə yoldaşlıq görüşündə oynadınız. Xorvatiyalı yığmamızda niyə uğursuz oldu?
- Açığı, uğursuzluğun səbəbini bilmirəm. Millimiz AVRO-2020-nin püşkatması zamanı çox çətin qrupa düşdü. Rəqiblər yüksək keyfiyyətə malik idilər. Yurçeviçin yüksək peşəkarlığını vurğulamalıyam. Ondan çox şey öyrəndim.

- Yenidən Azərbaycan millisindən dəvət gözləyirsiniz?
- Əlbəttə. Yeni baş məşqçi yığmanın bir parçası olmağımı istəsə və dəvət göndərsə, yığmanın formasını böyük hörmətlə geyinər, layiqincə təmsil etməyə çalışaram.

- Azərbaycan çempionatını izləyirsiniz?
- Keçmiş komandam "Sumqayıt"ın oyunlarını izləməyə davam edirəm. Bu klubdakı insanları çox sevirəm. Həm də orada oynayan Əmir Ağayevlə hər gün zəngləşirik.

- Azərbaycan Premyer Liqası səviyyə baxımından İsrailin yüksək liqası, yoxsa sizin oynadığınız birinci liqa gücündədir?
- Düşünürəm ki, İsrail çempionatının səviyyəsi daha yüksəkdir. Məsələn, "Qarabağ" kimi komanda İsrail yüksək liqasında yaxşı inkişaf edə bilər.

- Ötən ilin yayında "Sumqayıt"dan ayrılmağınız gözlənilməz oldu. İsrailin aşağı liqa komandasına keçməyə sizi nə vadar etdi?
- "Sumqayıt"da davam etmək istəyirdim. Bu komandadan çox xoşum gəlirdi. Klubu və oradakı insanları sevirəm. Ayrılmağımın maliyyə ilə əlaqəsi yox idi. Sadəcə, ailəmlə birlikdə olmaq üçün İsrailə qayıtdım.

- Mövsüm bitdikdən sonra yenidən Azərbaycana qayıtmaq variantını necə dəyərləndirirsiniz?
- "Makkabi" ilə müqavilə müddətim davam edir. Burada hər şey mənim üçün yaxşı və əyləncəlidir. Ancaq gələcəkdə nələrin baş verəcəyini bilmirəm, bəlkə Azərbaycan çempionatına qayıdacağam. Heç nəyi istisna etmirəm.

- "Makkabi"yə keçməmişdən əvvəl adınız "Neftçi" ilə hallanırdı. Həmin vaxt hansısa klubumuzdan təklif almışdınız?
- Azərbaycanın bir neçə klubu ilə danışıq olmuşdu. Ancaq razılıq əldə edilmədi. Daha sonra Petah Tikva "Makkabi"sindən əlaqə saxladılar. Onların təklifini qəbul etdiyim və bu böyük kluba keçdiyim üçün şadam (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?