Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya”nın hücumçusu Rafael Dvamena oyun vaxtı həyatını itirməsini xəbər vermişdik.
Qanalı forvard Albaniya Superliqasının XIII turunda bu gün “Partizani”yə qarşı keçirilən matçın 24-cü dəqiqəsində huşunu itirərək yerə yıxılıb.
28 yaşlı oyunçu təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Futbolçunun ürəktutmadan öldüyü bildirilib.
Mövsümün əvvəlindən “Eqnatiya” da çıxış edən Vüsal Sportinfo.az-a mərhum komanda yoldaşı ilə ilk tanışlığından söz açıb:
"Konfrans Liqasında rəqibimiz olan "Ararat- Armenia" ilə oyun üçün Ermənistana yola düşürdük.
Mən və Rafael kollektivlə gedə bilmədik. Sonradan komandaya qoşulduq.
Hər ikimiz İstanbula gedib, oradan İrəvana yola düşdük. "Eqnatiya"da ilk günlərim idi.
Elə həm gündən söhbətimiz alındı, münasibətimiz yaxşı istiqamətdə davam etdi.
Yaxşı insan, yaxşı futbolçu itirdik. Belə bir insanla komanda yoldaşı olmaq, mübarizə aparmaq mənim üçün böyük şərəf idi".

