
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalın son oyunları keçiriləcək.
Sportinfo.az xəbər verir ki, günün ilk matçı Düsseldorfdakı "Esprit Arena"da İngiltərə və İsveçrə komandaları arasında olacaq.
İngiltərə millisi 1/8 finalda Slovakiyanı 2:1 hesabı ilə məğlub edib. İsveçrə isə İtaliya yığmasından üstün olub - 2:0.
İtaliyalı referi Daniele Orsatonun idarə edəcəyi matç saat 20:00-da başlayacaq.
İngiltərə və İsveçrə milliləri böyük yarışların (Avropa və dünya çempionatlarının) final mərhələlərində indiyə qədər üç dəfə üz-üzə gəliblər.
Komandaların final mərhələlərində ilk qarşılaşması 1954-cü ildə keçirilən dünya çempionatına təsadüf edib.
DÇ-1954-də 4-cü qrupda yer alan komandaların görüşündə İngiltərə yığması 2:0 hesablı qələbəyə sevinib. 1996-cı ildə keçirilən Avropa çempionatının final mərhələsində isə rəqiblər meydandan 1:1 hesablı bərabərliklə ayrılıblar. Komandaların final mərhələlərindəki son qarşılaşmaları AVRO-2004-də olub. Həmin vaxt İngiltərə yığması rəqibini məğlubiyyətə uğradıb - 3:0.
Ümumiyyətlə, İngiltərə millisi İsveçrəyə qarşı keçirdiyi son 24 matçda cəmi 1 dəfə məğlub olub. İsveçrə yığması bu rəqibi üzərində sonuncu dəfə 1981-ci ilin mayında, dünya çempionatının seçmə mərhələsində keçirilən oyunda qələbə qazanıb - 2:1.
Günün nəticəsi səbirsizliklə gözlənilən digər görüşündə Türkiyə yığması Niderlandla üz-üzə gələcək. Bu, komandaların böyük yarışların final mərhələlərində ilk görüşü olacaq. Tərəflər arasında baş tutan son iki matçda (Avropa çempionatının seçmə mərhələsi) 13 qol vurulub. 2021-ci ilin martında Türkiyə (4:2), sentaybrında isə Niderland (6:1) qələbə qazanıb.
20:00.İngiltərə - İsveçrə
Baş hakim: Daniele Orsato (İtaliya).
Düsseldorf, "Esprit Arena".