Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a rəqib olmaq “Nyukasl” azarkeşlərinin ürəyincə olmayıb.
Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “sağsağanlar”ın fanatlarının Bakıda keçiriləcək ilk oyunu tribunadan izləmək arzusu baş tutmaya bilər.
Çünki ölkə daxilində yalnız Londondan birbaşa Bakıya təyyarə uçur. Nyukasldan Londona isə uzaq yol olduğundan, azarkeşlərin əksəriyyəti səfərdən imtina etmək barədə düşünür.
Digər variantlar isə İngiltərədən Polşa və ya Türkiyəyə, oradan da Bakıya səfərdir. Lakin belədə də yol xərci ikiqat artır. Bu üzdən Bakıdakı qarşılaşmada “Nyukasl”ın çox az azarkeşinin tribunada yer alması gözlənilir.
“Qarabağ” – “Nyukasl” oyunu fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

