COP29

Azərbaycanda yeni nəsil “Qarabağ”ı sevir

11 İyul 19:00 Qarabağ 711
Azərbaycanda yeni nəsil “Qarabağ”ı sevir

«Qarabağ»ın bugünlərdə imza törəni oldu.

Sosial şəbəkələrdə yayılan videoları izlədim, insan izdihamını gördüm.

Futbolçuların başının üstünü kəsdirməklə kifayətlənməyib, onların maşınlarının önünü kəsən yeni nəsilin nümayəndələrini izlədim.

Bunlar mənə çox, həddən artıq çox şey dedi. Tək mənəmi? Düşünürəm ki, hər kəsə. Eləcə də «Neftçi» camiəsinə.

Tarixdə qalan oyunlar deyil. Tarixdə qalan bu oyunların nəticələrdir. Nəticələrin parlaq da ola bilər, uğursuz da. Uğursuz oldunsa və bu, davamlı hal aldısa, reytinqdən düşəcək, insanların gözündə balacalaşacaqsan.

«Qarabağ» arxayın ola bilər. Onların tərəfdar ordusunun sıraları günbəgün genişlənir. Uşaq, yeniyetmə və gənclərin hesabına.

Son illər ölkədə nə qədər uşaq futbolu sevməyə, bu növlə məşğul olmağa başlayıbsa, «Qarabağ»a görədir. «Qarabağ»ın yeni nəsilin qəlbində, içində yaratdığı o qığılcım hələ uzun illər alovlanacaq.

Çün «Qarabağ» bu mərtəbəyə yüksəlmək üçün illərini verib. Bir çox məhrumiyyətlərə, çətinliklərə sinə gərə-gərək gəlib buralara çıxıb.

Buralarda isə «Qarabağ»ı tək deyil daha. Futbolçuların başının üstünü alan, sürdüyü avtomobilin önünü kəsən o uşaq və yeniyetmələr var ha, bax onlar «Qarabağ»ın gələcəyidir, sabahıdır.

Sabahkı tərəfdar bu kəsimdir.

Vaxt var idi, yeni və orta nəsil «Neftçi»nin avtobusunun önündə bu cür qaravul çəkirdi. Komandanın oyununa tamaşa eləmək, stadiona daxil olmaqdan ötrü nələrdən keçmirdilər ki…

Hanı o nəsil?

Hanı o tərəfdar?

Əksəriyyəti kirimişcə çəkilib kənara indi, sakitliyə dalıb.

«Neftçi»nin adı var, oyunu, nəticəsi yoxdur deyə, meydan büsbütün «Qarabağ»a qalıb. Və «Qarabağ» «Neftçi»nin yaratdığı boşluğu çox sürətlə tutmaqda, böyüməkdədir.

Bugünün uşağı, sabahın gəncliyi gözünü açıb «Qarabağ»ı görür, tanıyır və qəbul edir. Bir sevgi dastanı yaranıb arada.

Bu dastanın hər pərdəsində, hər daşında, hər qayasında bir ülvi bağlılıq, futbol yanğısı boylanır bizə tərəf.

O bağlılıq, o yanğı deyir ki, mən səninləyəm, ey «Qarabağ»!

Xanoğlan İmanov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?