COP29

“Qarabağ”ın yeni transferi 3 il öncə Almaniyaya necə səs salıb?

14 İyun 22:20 Qarabağ 6 037
“Qarabağ”ın yeni transferi 3 il öncə Almaniyaya necə səs salıb?

“Qarabağ” mövsümlərarası dövrün ilk transferini açıqladı.

Andrey Lunyovun ayrılığından sonra boş qalmış “çərçivə”ni bundan sonra Fabiyan Buntiç qoruyacaq.

Xorvatiya və Almaniya vətəndaşlığını yaşayan 27 yaşlı kiperlə 3 illik müqavilə bağlanıb.

Buntiçin valideynləri xorvat olsalar da, o, 1997-ci ilin fevralın 24-də Almaniyanın Ştutqart şəhərində anadan olub. Futbolun sirlərinə də elə şəhərin eyniadlı komandasında yiyələnib.

İlk dönəmlərdə “Ştutqart”ın aşağı yaş qruplarından ibarət komandalarında oynasa da, peşəkar liqada debütünü “İnqolştadt”da edib.

2018-ci ilin dekabrında – 21 yaşında olarkən 2-ci Bundesliqada “Hamburq”a qarşı forma geyinib. 2016-2022-ci illər aralığında “İnqolştadt”ın heyətində 2-ci və 3-cü Bundesliqalarla yanaşı Regional Liqada çıxış edib və komandasının əsas qapıçısı hesab olunub.

Buntiçi Almaniyada məşhurlaşdıran fakt vurduğu qoldur. “İnqolştadt” 3-cü Bundesliqada mübarizə apardığı dönəmdə, 2021-ci ilin fevralın 6-da “Viktoriya Köln”lə qarşılaşmada Fabiyan səhnəyə çıxıb.

Hesab 1:1 olarkən hücuma atılıb və künc zərbəsindən sonra sol ayağı ilə dəqiq vuruşla komandasına qələbə qazandırıb. Bu hadisə Hitletin vətənində böyük maraqla qarşılanıb.

Fabiyan 2022-ci ilin yayında Almaniyanı tərk edərək Portuqaliya klubu “Vizela” ilə müqavilə bağlayıb.

Primeyrada debüt etdiyi ilk mövsümdə yüksək dəstədə 33 oyunda şans qazanıb ki, 11 oyunda qapısında top görməyib, 37 dəfə topu tordan çıxarıb. Komandası mövsümü 18 komanda arasında 11-ci pillədə başa vurub.

2023/24 mövsümünü özü və komandası üçün uğurlu adlandırmaq çətindir. “Vizela” çempionatın yekunlarına əsasən elitanı tərk edib. “Ağ-göylər” 34 oyunda 26 xal toplayaraq yarışı 17-ci pillədə başa vurub.

Fabiyan bu matçların 28-də start heyətində yer almaqla qapısında 59 top görüb. 6 qarşılaşmada qapısının toxunulmazlığını qoruya bilib.

Xorvatiya U-19 millisində 1 oyunda forma geyinən qapıçının “Vizela” ilə sözləşməsi 2025-ci ilə qədər idi. “Qarabağ” onu hansı şərtlərlə rənglərinə bağlayıb?

Ya müqaviləsində komandası yüksək dəstəni tərk edəcəyi halda azad agent statusuna yiyələnəcəyinə dair bənd olub, ya da ağdamlılar keçid üçün formal məbləğdən keçib.

Ucaboyu ilə seçilən, xüsusən hava toplarında etibarlı görünən “Qarabağ”ın yeni “97 nömrə”sinin nə dərəcədə etibarlı olacağını qarşıdakı oyunlar göstərəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?