"Qardaşım deyirdi ki, qız 22 kişi arasında şortda gəzməməlidir"

18 Yanvar 2020 01:10 Qadın futbolu 1 377
"Qardaşım deyirdi ki, qız 22 kişi arasında şortda gəzməməlidir"

İsrailin ərəb əsilli qadın hakimi Sana Daravşa işi ilə diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, çətin şəraitdə FİFA referisinə qədər yüksəlməsi ona heç də asan başa gəlməyib.

Ərəb əsilli olması Daravşa üçün daim problem yaradıb. Ailəsinin, ətrafındakıların “qadın hara, hakimlik hara?” deməsi Sananı həvəsdən salmayıb.

Cəmi 20 yaşında İsrailin ən yaxşı qadın hakimi seçilir. Onun ən böyük arzusu isə İsraildə yaşayan ərəb əsilli qadınlara özlərini sübut etmək üçün köməklik göstərilməsidir: “İsraildə ərəb əsilli qadınsansa, idmandan demək olar ki, uzaq qalmalısan.

Mən bunun üçün çalışmaq, istədiklərimə nail olmaq istəyirəm. Ümumiyyətlə, İsraildə idmana maraq göstərən qadınlar azdır. Xüsusən, bütün qadınlar futboldan uzaq dururlar.

İsraildən kənarda qadın futbolunda baş verənləri öyrənmək istəyirəm, bunun ölkədə tətbiqi üçün çalışıram. Fikrimcə, ölkədən kənarda bizim mövcud olduğumuzu bilənlərin sayı azdır”.

Sana 16 yaşından hakimliyə maraq göstərib. O, qadınlardan ibarət aşağı liqalarda qadın hakimlərin olduğunu görüb, lakin bu hakimlər daha yüksək səviyyəyə çıxmayıblar. Daravşa isə 18 yaşında həmyaşıdlarından ibarət kişilər liqasına təyinat alır: “İnanın ki, çox pis situasiyaya düşmüşdüm. Futbolçular mənə tez-tez qışqırırdılar. Deyirdilər ki, “sənin burda nə işin var?”, “sən burda olmamalısan”, “qərarların səhvdir”. Onlar mənə hakim olmamaq hissini yaşatmaq istəyirdilər. Bu qədər təzyiq məni hakimlikdən uzaqlaşdıra bilərdi. Lakin o zaman dəstəyə bir hakim dostum gəldi. Mənə dedi ki, səhv etsən belə, dayanma, düşün ki, sən oyunun sahibisən”.

Daravşa bundan sonra İsrailin 4-cü liqasında keçirilən oyunlara təyinat alır. “League Bet” adlandırılan çempionatda ilk ərəb əsilli qadın hakim olur. Sana təyinatlardan sonra jurnalistlərin onunla danışmaq, müsahibə almaq istəməsindən həyəcanlandığını gizlətmir: “Mən belə şey yaşamamışdım. Təsəvvür edirsiniz, bütün jurnalistlər səninlə danışmaq istəyir”.

Daravşa bundan sonra İsrailin 3-cü liqası olan “League Alef”ə təyinat alır. Xanım hakim bildirir ki, bu təyinat onun hakim olmağını istəməyən qardaşı Fediyə böyük etirazı idi: “Qardaşım bilirdi ki, futbolçular hakimlərə etiraz edirlər, aqressiv danışırlar. Lakin mən yolumdan dönmədim. O, dəfələrlə dedi ki, Sana uzaq dur, amma xeyri olmadı. Daha sonra mənimlə danışmağı, ünsiyyət qurmağı tamamilə kəsdi. Mənim üçün çətin idi. Ailəm məndən qaçır, uzaq durur və danışmırdı. Axı dərdim, problemim olanda ailəmlə danışırdım. Təsəvvür edin ki, evə girəndə qardaşım olduğum yerdə dayanmırdı, evi tərk edirdi. O, bilirdi ki, mən şort geyinəcəm. Fedi düşünürdü ki, mən müsəlmanam və 22 kişi arasında şortda gəzməməliyəm. Bu səbəbdən federasiyaya müraciət etdim ki, daha uzun geyimlərdən istifadə edim. İstəyim rədd edildi”.

Sana İsrail Alef Liqada keçirilən bir derbidə yaşadıqları çətinlikləri belə təsvir edir: ““Tamra” və “Kabil” komandaları arasında derbi var idi. Oyunu idarə etdim və son dəqiqədə “Tamra” qol vurdu. Köməkçim ofsayd bayrağını qaldırdıqdan sonra meydan sahiblərinin bütün futbolçuları onun üzərinə hücum çəkdilər. Mən onun qarşısını almağa və futbolçuları sakitləşdirməyə çalışdım. Qırmızı və 5 sarı vərəqə göstərdim. Təhlükəsizlik işçiləri çətinliklə məni hakim otağına apardılar. Yaxşı ki, stadionda polis var idi, yoxsa məni döyəcəkdilər”.

Daravşa bir matçda hətta futbolçuların onun dişlərini qırdığını bildirir: ““Hapoel İksal” və “Hapoel İsfiya” arasında keçirilən matçda tərəflər arasında dava düşdü. Araya girmək istədim və futbolçulardan birinin dirsəyi ağzıma dəydi. Təsəvvür edin ki, bir neçə dişim qırıldı. Həmin matç canlı yayımlanırdı. Ailəm də bunu efirdə görmüşdü. Bu hadisədən sonra özüm də hakimliyə davam etmək barədə bir daha düşündüm. Şübhə edirdim, lakin davam etmək qərarına gəldim. Nəticədə 100-dən çox oyun idarə etmişəm. Birinci liqa və əsas çempionatda hələ də təyinat almadığıma görə daha əzmlə çalışacam. Məndən sonra Premyer Liqaya bir xeyli ərəb əsilli qadın hakimlər gəldi. Ən azı 10 belə hakim var onlara dəstəyimi hər zaman nümayiş etdirəcəm”.

Sana “əvvəl hakim olduqda səssiz və utancaq idim, amma indi əminəm və istədiyimi söyləməyə, istədiyimi etməyə hazıram” deyir: “İstədiyim budur ki, qadınlara səlahiyyət verim, çünki qadınlara güc verəndə qızlarına güc verirlər, sonra da qızları ilə eyni şeyi edirlər. Gələcək nəsillərə qədər davam edəcək bir təsirə sahib olmaq mənim istəyimdir. "

ah

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı