Zaur Axundov "Neftçi"ni ələ keçirmək üçün…

14 Noyabr 2019 12:32 Neftçi 1 224
Zaur Axundov "Neftçi"ni ələ keçirmək üçün…

"Keşlə" Premyer Liqanın 11-ci turunda "Neftçi"yə qalib gələrək turnir cədvəlində rəqibinin önünə keçdi. Xal ehtiyatını 19-a çatdıran paytaxt təmsilçisi indi "ağ-qaralar"ı 1 xal qabaqlayır.

Mini-şəhər derbisində baş verənləri sadalamaq fikrindən uzağıq. Bayıl stadionunda nə oldu, nə olmadı, bununla işimiz yoxdu. Meydançanın içində və kənarında yaşanan qalmaqalları kifayət qədər işıqlandırmış, münasibət bildirmişik.

Artıq bu dəqiqdir ki, son matç iki klub arasında "soyuq müharibə"ni bir qədər də şiddətləndirib. Əminliklə söyləmək mümkündür ki, indi cərəyan edən hadisələr Tərlan Əhmədov - Roberto Bordin müstəvisindən çıxıb. Bu, kiçik dairədir. Onların ikisi də sözün bütün mənalarında balaca fiqurlardır. Əhmədov bu qələbəni elə şişirdir, elə təqdim edir ki, sanki böyük bir işin öhdəsindən gəlib. Əslində isə ciddi nəsə baş verməyib. Əhmədovun özündənrazı şəkildə söylədiklərinə inanmağa dəyməz.

Bu, "Neftçi"dən uzaqlaşdırılandan sonra "Keşlə"yə yollanan baş məşqçinin keçmiş komandasına qarşı sayca 5-ci oyunu idi və ilk dəfə idi ki, o, qol və qələbəyə sevinirdi. Öncəki 4 qarşılaşmada bu iki göstəricəyə hərsət qalan Əhmədov "şeytanın qıçının sınmasına" görə bir futbolçularına, bir də Zaur Axundova minnətdar olmalıdır. Çünki oyunçuları VİP-lojada əyləşən Müşahidə Şurasının sədrinin söyüşlərindən "təsirlənməsəydilər", çətin ki, fasiləsinə məğlub yollandıqları oyunu ikinci hissədə qazanclı bitirərdilər. Axundov bu 3 xalın gəlməsiylə "iki dovşanı birdən ovladı". Oyunboyu Vüqar Həsənlinin başçılıq etdiyi briqadanın ünvanına ağılalmaz söyüşlər yağdıran MŞ sədri bununla həm hakimləri, həm "Neftçi"nin futbolçularını təzyiq altına aldı, həm də öz komandasına inam verdi.

Axundovun tribunadan qışqıra-qışqıra dediklərini, təbii ki, "Neftçi"dən olan həmkarları eşidirdi. Onlardan biri də ona reaksiya vermədi. Hamısı ağzına su alıb yerində dinməz əyləşdi. Halbuki Axundovun ağzının payını elə o formada vermək mümkün idi və belə etsəydilər, heç kim "Neftçi" rəsmilərini qınamayacaqdı. İndi isə gözdən düşən yenə bu insanlardır. Futbolçularını qoruya bilmədikləri, yanlarında və arxalarında ola bilmədikləri, olmadıqları üçün.

Zaur Axundovun hər iki gözü "Neftçi"dədir. O, səhər-axşam bu klubu yuxusunda görür. Sadıq Sadıqovun vaxtında "Neftçi"yə kifayət qədər yaxınlaşan, bir ara vitse-prezident postuna gətirilməsi düşünülən Axundovun budəfəki iddiası daha böyükdür. Konkret desək, Kamran Quliyevin tutduğu posta göz dikib. "Keşlə"nin söyüşcül sədri bilir ki, "Neftçi"yə gedən yol Elxan Məmmədovun razılığından keçir.

Son 2 ildə AFFA-nın baş katibinin "sağ əli"nə çevrilən Zaur bəyin "Neftçi"dən olan həmkarına neqativ münasibət bəsləməsi bu çevrəyə daxil şəxslərin heç birinə sirr deyil. Onlar artıq bir neçə dəfə toqquşub. Daha doğrusu, Axundov "hücum çəkib", Quliyev kənara çəkilib, özünü qorumağa çalışıb. Onun "Neftçi"nin prezidentini Elxan Məmmədova xəyanətdə suçlaması bizə də bəllidir.

"Keşlə"nin birinci şəxsi hər fürsətdə baş katibə yarınmaqla müxtəlif məqsədlər güdür. Onlardan biri də tezliklə Quliyevi tamamilə gözdən salmaq və "Neftçi"ni təhvil almaqdır. Son qarşılaşmada qazanılan qələbə psixoloji cəhətdən üstünlük əldə etmək mənasında ona çox vacib idi. Premyer Liqada qış fasiləsinin elan olunmasına 3 tur qalıb və "Keşlə" bu müddətdə ikinci pillədəki mövqeyini itirməsə, Axundov yeni il öncəsi kabinetini Keşlə bazarının yaxınlığından Nobel prospektinə köçürmək üçün əlindən gələni beş qaba çəkəcək. O. hədəfinə çatmaq üçün komandasına ayrıca mükafat da vəd edib. Elxan Məmmədova isə arzusunu yerinə yetirəcəyi təqdirdə nə vədlər verdiyini təxmin etmək olar: əl əli yuyar, əl də qayıdıb üzü.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti