İki həftə əvvəl “Neftçi”də yaşanmış ilginc olay haqda məlumat vermişdik.
Kiçik xatırlatma olsun deyə diqqətinizə çatdıraq ki, vaxtilə “Neftçi-2”nin şərəfini qorumuş Cavidan Rəhimli “ağ-qaralar”la 2020-ci ilin iyulunda 1 illik müqavilə bağlayıb.
Bu müddətdə oyunu məşqçilər heyətini razı saldığından və komandasının çempionluğunda əməyi keçdiyindən, 2021-ci ilin iyulunda onunla yeni anlaşma əldə olunub. Bu dəfə 3 illik, aylıq 550 manat şərti ilə.
Lakin həmin ilin noyabrın 23-də “Turan Tovuz”la çempionat qarşılaşmasında Cavidan zədələnib.
Futbolçu həkim müayinəsindən keçəndən sonra ona zədədən söhbət getmədiyini, ayaqları zəif olduğuna görə burxulmaların olduğunu bildiriblər.
“Neftçi” həmin vaxt heç bir əsas göstərmədən bu ilin yanvarında Rəhimli ilə müqaviləyə xitam verib. Həm də birtərəfli qaydada. Halbuki, futbolçunun klubla 2 ilyarımlıq müqaviləsi qüvvədə imiş.
Səbəbkar vəziyyətlə barışmayaraq kənar həkimlərə müraciət edərək zədəsinin diaqnozunu öyrənməyə çalışıb.
Müayinənin cavabı Cavidanın zədəsi çarpaz bağların qopması, 4 başlı əzələdə yırtıq və menisk yırtığı olub. Futbolçuya təcili əməliyyat olunması ilə bağlı məsləhət görülüb və bu haqda kluba bildiriş də göndərilib.
Çıxılmaz vəziyyətdə qalan Cavidan ümid mənbəyi kimi kluba idman direktoru təyin olunan Zaur Əzizovu görüb.
Əzizovla görüşür, başına gələnləri ona olduğu kimi danışır və idman direktoru “Neftçi”nin formasında zədələnən futbolçunun əməliyyat olunmasına dair raport hazırlayır. Rəhimli çox çək-çevirdən sonra cərrah masasına uzanır və əməliyyat olunur.
Klubla 2024-cü ilin yayına qədər müqaviləsi olan futbolçu bu ilin yanvarından maaş üzü görmür. Üstəlik, vergi hesabatları edilmədiyinə görə üzərinə vergi borcları yığılıb. Futbolçu dəfələrlə haqqını tələb etməsinə baxmayaraq, hər dəfə eyni cavabı eşidib: “get, kimə istəyirsən şikayət et”.
Cavidan AFFA-ya şikayət məktubu ünvanlayıb və hazırda araşdırma prosesi davam edir. Di gəl, FİFA-ya üz tutmaq imkanı yoxdur. Yerli futbolçu olduğuna və yerli klubdan şikayətçi olduğuna görə, ali futbol qurumuna cibindən 10 min avro ödəməlidir. Bu pula ödəməyə isə imkanı çatmır.
Gənc futbolçunun başına gətirilən “oyunun” kimin maraqlarına söykənməsinin, müqavilə şərtlərinin hansı əsaslarla pozulmasının səbəbini öyrənmək üçün klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq.
“Neftçi”nin sözçüsü konkret detallarla danışmasa da, Cavidana müvafiq qurumlara şikayət etməyi tövsiyə etdi:
“Bu hadisə Mahmud Qurbanov əvəzedici komandanın baş məşqçisi olanda yaşanıb.
Mövsüm başa çatandan sonra baş məşqçi Cavidanı sərəncamında görmək istəməyib və bununla bağlı rəhbərliyə raport təqdim edib.
Daha sonra müqavilənin şərtinə əsasən, futbolçu ilə müəyyən məbləğdə təzminat qarşılığında yollar ayrılıb. Futbolçunun dizində zədə var idi. Klub onun sağlamlığına qovuşması üçün əməliyyat etdirib, bərpa prosesi keçməsi üçün şərait yaradıb.
Cavidan özünə qarşı haqsızlıqdan və ya müqavilə şərtlərinin klub tərəfindən pozulmasından şikayətçidirsə, müvafiq orqanlara müraciət etmək imkanı var.
Müvafiq qurumlar hansı qərar çıxaracaqsa, hər iki tərəf məcburən qərarda göstərilən şərtlərə əməl etməlidir. Futbolçu hüquqlarının pozulduğunu iddia edir? Buyurub şikayət məktubu ünvanlasın.
Dediyim kimi, “Neftçi” futbolçunun əməliyyat xərclərini ödəyib, bərpasına şərait yaradıb. Bununla da, klub öz öhdəliyini yerinə yetirib”.
Göründüyü kimi, məsələ kifayət qədər dərin problem əhatə edir. Yeganə çıxış yolu müvafiq instansiyalara şikayət etməkdir.
HƏBİB / SPORTİNFO.AZ

