“Neftçi” bu gün səhər saatlarında Bakını tərk edərək Antalyaya yollanıb.
“Ağ-qaralar” Bakı-İstanbul-Antalya reysi ilə mənzil başına çatıb.
Lakin komanda məşqlərə tam tərkibdə başlaya bilməyəcək. Yayda zədələnərək əməliyyat olunan, son 6 ayı vətəni Paraqvayda keçirən Sezar Meza Kolli hələ də Türkiyəyə yollanmayıb.
Təcrübəli yarımmüdafiəçinin hələ noyabrda komandaya qoşulub yüngül məşqlərdə iştirak edəcəyi deyilsə də, bunun şahidi olmadıq. Dekabrda da gəlmədi.
Əvəzində, “instagram” səhifəsində istirahətdən şəkillər paylaşır, izləyicilərinə dincəlmək zamanı olduğunu göstərir.
Halbuki müqavilə ilə “Neftçi”yə məxsusdur və hamı kimi toplanışdan iştirak etməyə, komandasına fayda verməyə borcludur.
Sezar – “Neftçi” münasibətlərində vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq.
“Neftçi”nin sözçüsü paraqvaylı futbolçunun bu gün axşam saatlarında oteldə olacağını, sabahdan etibarən məşqlərdə iştirak edəcəyini diqqətimizə çatdırdı.
2021/22 mövsümünü “ağ-qaralar”ın heyətində keçirən “10 nömrə” yay toplanışında aldığı ağır zədə üzündən cari mövsümdə “Neftçi” formasında 1 oyuna belə çıxmayıb.
HƏBİB / SPORTİNFO.AZ

