Ölkə kubokunda yarımfinala vəsiqə qazanmasına baxmayaraq,
Premyer Liqada lider “Qarabağ”dan 11, ikinci pillədəki “Sabah”dan 5 xal geri qalan “Neftçi” yeni ildə uğurlu çıxış etmək üçün indidən hərəkətə keçib.
Klub rəhbərliyi Laurentsiu Regekampfın diqqət mərkəzində olan bir neçə futbolçu ilə güclənməkdə maraqlıdır.
Mamadu Mboc yola salındı, daha 1-2 nəfərlə də əl sıxacaqlarını gözləmək olar. Regenin çempionatın gedişində hər imkanda “güclənməliyik” mesajı boşuna deyildi. Rumın ola, transfer istəməyə, mümkün deyil.
Deyilənlərə inansaq, “ağ-qaralar”ın göz qoyduğu futbolçulardan biri Abdullahi Şuaybudur. 20 yaşında Avropaya ayaq açan, çempionatda 17 oyunda 6 qol vurub, 2 qol ötürməsinin müəllifi olan “Kəpəz”in bəstəboy hücumçusu.
Bəli, Şuaybu Azərbaycanın ortabab və autsayder komandası üçün əla “materialdır”. Amma “Neftçi” adı onun üçün şirin yuxu sayılmalıdır. Niyə?
Əvvəla ona görə ki, “Neftçi”də futbolçu bacarığına görə Abdullahidən heç nədə geri qalmayan Ağadadaş Salyanski kimi canı canımızdan, qanı qanımızdan olan azərbaycanlı balası var.
Nigeriyalını gətirib ehtiyatdan oyunu gücləndirməsinə bel bağlamaqdan, yaxud təcrübə toplayacağına ümid etməkdənsə, Ağadadaşa güvənmək gələcəyə sərmayə yatırmaq deməkdir.
İkincisi, Şuaybu “Kəpəz” kimi komandaya faydalı ola bilər, amma “Neftçi” onun yeri deyil.
Hazırda çıxış etdiyi komanda bir növ autsayder statusu daşıdığından, rəqiblər gəncəlilərə qarşı açıq futbol oynayır və müdafiədə kifayət qədər boşluqlara yer verir.
Sürətli nigeriyalı isə böyük qüvvə ilə irəli atılan komandaları əks-hücumda yaxalamağı bacarır. “Neftçi”də isə bu şans olmayacaq.
Çünki əksər matçlarda rəqiblər “ağ-qaralar”a qarşı müdafiədən oynayır, arxa xətdə sıxlıq yaradır. Bəstəboy afrikalı onların arasında itib-batacaq.
Və ən əsası, söhbət ən pis halda gümüş medallara və ölkə kubokuna iddia edən komandadan gedirsə, burada Şuaybu və onun kimi təcrübəsiz legioner gənclərə yer olmamalıdır.
“Neftçi” sınaq meydanı deyil. Çiyinlərində illərin təcrübəsini daşıyan Qodsvey Donyo bu gün ağ-qara formada yalnız tənqid olunursa, Şuaybu ondan betər olacaq.
Qısası, “Neftçi” Abdullahi və onun kimilərin yeri deyil. Klub inkişaf etmək istəyirsə, Kadi, Medina, Yankoviç, Zubir səviyyəsində futbolçuları axtarıb tapmalıdır.
Kimsə belələrinin yüksək maaşlı oyunçu olduğunu deməsin. Onlar “Qarabağ”a ayaq açanda məvacibləri “Neftçi”nin hazırkı legionerlərin qazancından az idi ki, çox deyildi.
HƏBİB / SPORTİNFO.AZ

