ŞOK! Azərbaycan klubu zədəli futbolçusunu küçəyə atdı

24 Dekabr 2022 21:20 Neftçi 3 572
ŞOK! Azərbaycan klubu zədəli futbolçusunu küçəyə atdı

“Neftçi”ylə bağlı redaksiyamıza ilginc məlumat daxil olub.

Söhbət “Neftçi-2”nin şərəfini qorumuş və bu komandanın oyununda zədələnmiş Cavidan Rəhimlidən gedir.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı futbolçu “ağ-qaralar”la 2020-ci ilin iyulunda 1 illik müqavilə bağlayıb.

Bu müddətdə oyunu məşqçilər heyətini razı saldığından və komandasının çempionluğunda əməyi keçdiyindən, 2021-ci ilin iyulunda onunla yeni anlaşma əldə olunub. Bu dəfə 3 illik, aylıq 550 manat şərti ilə.

Lakin həmin ilin noyabrın 23-də “Turan Tovuz”la çempionat qarşılaşmasında Cavidan zədələnib.

Futbolçu həkim müayinəsindən keçəndən sonra ona zədədən söhbət getmədiyini, ayaqları zəif olduğuna görə burxulmaların olduğunu bildiriblər.

“Neftçi” həmin vaxt heç bir əsas göstərmədən bu ilin yanvarında Rəhimli ilə müqaviləyə xitam verib. Həm də birtərəfli qaydada. Halbuki, futbolçunun klubla 2 ilyarımlıq müqaviləsi qüvvədə imiş.

Səbəbkar vəziyyətlə barışmayaraq kənar həkimlərə müraciət edərək zədəsinin diaqnozunu öyrənməyə çalışıb.

Müayinənin cavabı Cavidanın zədəsi çarpaz bağların qopması, 4 başlı əzələdə yırtıq və menisk yırtığı olub. Futbolçuya təcili əməliyyat olunması ilə bağlı məsləhət görülüb və bu haqda kluba bildiriş də göndərilib.

Çıxılmaz vəziyyətdə qalan Cavidan ümid mənbəyi kimi kluba idman direktoru təyin olunan Zaur Əzizovu görür.

Əzizovla görüşür, başına gələnləri ona olduğu kimi danışır və idman direktoru “Neftçi”nin formasında zədələnən futbolçunun əməliyyat olunmasına dair raport hazırlayır. Rəhimli çox çək-çevirdən sonra cərrah masasına uzanır və əməliyyat olunur.

Klubla 2024-cü ilin yayına qədər müqaviləsi olan futbolçu bu ilin yanvarından maaş üzü görmür.

Üstəlik, vergi hesabatları edilmədiyinə görə üzərinə vergi borcları yığılıb. Futbolçu dəfələrlə haqqını tələb etməsinə baxmayaraq, hər dəfə eyni cavabı eşidib: “get, kimə istəyirsən şikayət et”.

Cavidan AFFA-ya şikayət məktubu ünvanlayıb və hazırda araşdırma prosesi davam edir. Di gəl, FİFA-ya üz tutmaq imkanı yoxdur.

Yerli futbolçu olduğuna və yerli klubdan şikayətçi olduğuna görə, ali futbol qurumuna cibindən 10 min avro ödəməlidir. Bu pula ödəməyə isə imkanı çatmır.

Bu da belə. “Neftçi”dəki durum və klubun hansı prinsiplərlə idarə olunması göz qabağındadır. Əsas komandada yaşanan biabırçılıqlar gözlə görünən hissədir.

Gözlə görünməyən odur ki, klubdakı əsas söz sahibləri peşəkarlıq prinsiplərinə tüpürüb lotu prinsipləri ilə hərəkət edir.

Komandanın oyununda zədələnən 20-21 yaşlı futbolçuya min bir bahanə yapışdırıb bu şəkildə küçəyə atan adamların başqa işlərdə bundan da betərini gözləmək olar.

Məsələ ilə bağlı “Neftçi”nin, eləcə də AFFA-nın mövqeyini öyrənəcəyik.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!