“Neftçi”də bundan sonra... İstədiyim yar idi, yetirdi Pərvərdigar!

24 Dekabr 2022 22:20 Neftçi 1 203
“Neftçi”də bundan sonra... İstədiyim yar idi, yetirdi Pərvərdigar!

İndi “Neftçi”nin yerli futbolçularının və rəsmilərinin dilindən el arasında məşhur olan bu deyim düşmür.

Pərvərdigar farscadan tərcümədə Allah, Tanrı mənasını verir. Kiminsə işi çətinə düşüb oradan üzüağ çıxanda, ya da istədiyini tapanda məhz bu məsələ müraciət edir.

İki gün əvvələ kimi kiməsə “Neftçi”nin finalda oynayacağını desəydin, adama şəkk edər, gülüb keçərdi. “Ağ-qaralar”ın çempionatdakı işləri qaydasında getmir.

Komandanın “Qarabağ” və “Turan Tovuz”la matçları bir daha sübut etdi ki, Laurentsiu Regekampf geridə qalan 5-6 ayda oyun fəlsəfəsini yetirmələrinə tam aşılaya bilməyib.

Bu cür böyük komanda baxımlı futbol sərgiləməkdə əziyyət çəkir, nəticələr qeyri-sabitdir. Üstəlik, kubokun ilk görüşündə “Zirə”yə boyun əyməklə vəziyyəti bir xeyli qəlizləşdirmişdilər.

Cavab oyununda vurulan erkən qol, çox keçmədən hesabın 2 topa çatması, qarşılaşmanın son dəqiqələrində qapıçı İvan Brkiçin Hamidu Keytanın penalti zərbəsini dəf etməsi kasıbın lotoreyada cek-pot udmasına oxşadı.

“Ağ-qaralar” çətinliklə növbəti mərhələyə adlamaqla “Turan Tovuz”a rəqib oldu. Regenin çalışdırdığı komanda apreldə baş tutacaq yarımfinal oyunlarında Premyer Liqaya bu il yüksələn qərb təmsilçisi ilə münasibətlərinə aydınlıq gətirəcək. Etiraf edək ki, kağız üzərində cütün aşkar favoriti “Neftçi”dir.

Bakılılar bu mərhələni də adlaya bilsə, finaldakı rəqibin adı ya “Səbail” olacaq, ya da “Qəbələ”. Bu komandalar “Sabah” və “Qarabağ” kimi nəhəngləri mübarizədən kənarlaşdırmaqla “Neftçi”nin işini əməlli-başlı asanlaşdırıb.

Sonuncu dəfə 2016-cı ildə final oynayan, sonuncu dəfə ölkə kubokunu başı üzərinə 2014-cü ildə qaldıran “ağ-qaralar” illərin həsrətinə son qoymağa yaxındır.

Bundan sonra taleyi öz əlindədir. Qarşısında “Qarabağ” kimi güclü rəqib olmayacaq ki, uğursuzluq fonunda bəhanə tapmağa söz olsun.

Apreldə “Turan Tovuz”u, iyunun 3-də “Səbail”lə “Qəbələ”dən birini keçmək lazımdır ki, 8 illik həsrətə son qoyulsun. Çempionluq çətin görünür. Kubok “Neftçi”sevərlər üçün ciddi və tutarlı səbəb olacaq. Bacaracaqlarmı?

Hər halda, gözləməyə və görməyə dəyər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti