"Neftçi" bu mövsümə böyük iddialarla start vermişdi.
Ötən sezonun sonu Samir Abasovla yolları ayıran rəhbərlik boşalan posta Laurentsiu Regekampfı təyin etdi.
Təbii ki, məqsəd çempionluq idi. Digər yerlər uğursuzluq kimi qəbul olunacaqdı.
Hər halda son mövsüm komanda Abasovun rəhbərliyi altında ikinci pilləni tutubsa, bu il çempionluqdan başqa nəticənin uğur kimi qələmə verilməsi haqqlı olaraq anormallıq sayılacaqdı.
İlk sınaq Konfrans Liqası oldu. Birinci mərhələdə Kipr "Aris"i çətinliklə də olsa məğlub etmək mümkün oldu. Növbəti mərhələdə "Rapid"ə uduzan "ağ qaralar" avrokuboklarla erkən vidalaşmalı oldu.
Fiasko sayılmasa da, uğursuzluq demək olardı. Həm də əsas oldu ki, baş məşqçi yeni gəlib, heyət qurmasına, futbolunu aşılamasına zaman lazımdır. Anlayış göstərilməli səbəblər idi. Amma lazım olan zaman keçsə də Regekampfın komandasında anlayış göstərilməli nə oyun gördük, nə də nəticələr.
Premyer Liqada çempionluq əldən çıxıb kimi görünür. Hələ bir neçə tur əvvəldən. Hətta gümüş qazanmaq belə asan olmayacaq. Olsaydı da uğursuzluq kimi qələmə veriləcəkdi.
Ümid qalırdı ölkə kubokuna. Ki, titulla mövsümü başa vurmağın ən münasib yolu buradan keçir. "Qarabağ" və "Sabah" əsas favoritlərdən hesab olunması burada da "Neftçi"nin şanslarını minimuma endirirdi.
Ta ki yarımfinal cütləri müəyyən olunana kimi. Belə ki, 1/4 final mərhələsində mübarizəni surpriz şəkildə dayandıran "Qarabağ" və "Sabah" artıq kubok yarışında yoxdular.
"Neftçi" üçün bundan əla fürsət?
Yarımfinalda görüşəcəkləri rəqib "Turan Tovuz"dur. Yayda yığılan qərb təmsilçisinin heyəti, büdcəsi, təcrübəsi haqqında uzun-uzadı nəsə danışmaq gərəksizdir. Bundan münasib rəqib gözləmək axmaqlıq olar. Baxmayaraq ki, bu rəqiblə arxada qalan hər iki oyunda da (1:0, 0:0) meydanda ürəkaçan "Neftçi" görülməyib.
Yarımfinalda da fanatlara şok yaşadılmasa finalda onları "Qəbələ" və "Səbail" cütünün qalibi gözləyir. Bayıl təmsilçisi hər nə qədər "Sabah" kimi sanballı rəqibi kubokdan kənarlaşdırsa da təhlükəli olduqlarını düşünmək yersizdir. Premyer Liqadakı nəticələr də bunu əyani sübut edir.
Hə, bir qədər "Qəbələ" "dişə batan" rəqibdir. "Qarabağ"ı turnirdən uzaqlaşdırmaqları da təsadüf deyil. Göstərilən məzmunlu və mübariz oyunun nəticəsidir. Əksinə, Premyer Liqada şansları azca gətirsə, bu gün 5-ci yox, daha üst pillələrdə olmalıydılar.
Amma bu da əsas vermir ki, "qırmızı qaralar" "Neftçi" ilə müqayisədə favorit tərəf olsun.
Nə heyətin geniş olmasında, nə büdcədə, nə də keyfiyyət baxımından bölgə klubu öndə deyil. Göstərilən oyun xaric.
Ölkə kubokunu hələ builki qədər qazanmaq rahatçılığı son illər olmayıb. Bu, həm də "Neftçi" rəhbərliyinin, məşqçilər korpusunun, futbolçu heyətinin əlinə düşən böyük fürsətdir. Ki, mövsümü xilas etsinlər. Hər halda titul qazanmaq istənilən halda uğur sayılacaq. Az da olsa Premyer Liqadakı uğursuzluğu nisbətən unutdurmaq üçün.
XANOĞLAN İMANOV

