"Neftçi" Azərbaycan kubokunun 1/4 final mərhələsində "Zirə"ni məğlub edərək (0:1, 3:1) yarımfinala yüksələn tərəf oldu.
Deyəsən, müsbət nəticə baş məşqçi Regekampfa əməlli-başlı qol-qanad, dil-ağız verib.
Hər halda qarşılaşmadan sonra onun "CBC Sport"un əməkdaşı Ramil Cahangirovun sualına özündən razı və bir qədər də kobud formada cavab verməsinə başqa izah tapmaq mümkün deyil.
Kanalın əməkdaşı haqqlı olaraq çalışdırıcıdan oyunun gedişində Solomon Kverkveliya və Ömər Buludov arasında yaşanan gərginliyə aydınlıq gətirməsini istəyib.
Əcnəbi mütəxəssis isə komandasındakı intizamsızlığa aydınlıq gətirmək əvəzinə, jurnalisti başqa məsələdə qınamaq yolunu tutub: "Siz onu necə görə bilərsiz? Və niyə görmürsüz ki, orada penal yox idi? Bu inanılmazdı. Siz, sadəcə, xırda şeyləri görürsünüz. Məncə, bugünkü oyunda hakimlər maykaların dəyişməliydilər".
Maşallah! Deyəsən, rumıniyalı Azərbaycan kubokunda yarımfinala çıxmağı böyük qəhrəmanlıq sayır. Artıq jurnalistə sual verməyi öyrədir, hesab sorur və hakimlərin səhvinə açıqlama tələb edir.
Cənab Rege, bəlkə də unutmusunuz, amma sizə xatırladım ki, bura çempion olmaq üçün gətirilmisiniz. Lakin çempionatda çempion olmaq bir kənara, ilk üçlükdə çətinliklə qalmağı bacarırsınız.
Ölkə kubokunda isə hələ yarımfinaldasınız və kuboku götürmək üçün daha üç oyunda uğurlu olmaq mütləqdir. Bu qədər arxayın olmaq tezdir. Hələ heç onu da bilmək olmaz ki, yarımfinal matçlarının keçiriləcəyi növbəti ilin aprelinə kimi postunuzda qala biləcəksiniz, yoxsa yox.
Qaldı ki, hakim səhvlərinə, bəli, penal şübhəli idi. Verilməyə bilərdi. Ancaq bir səhvə görə, bu qədər üsyana dəyərmi?
Oyuna baxmayan, onun çıxışında sonra düşünər ki, hakimlər "Neftçi"ni meydanda yıxıb-sürüyüb. Ayıbdır!
Enerjinizi komandanın parlaq çıxışına xərcləsəniz daha yaxşı olar.
XANOĞLAN / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

