“Neftçi” son sınaqla üz-üzədir.
Ölkənin ən yaşlı klubu cari mövsümdə illik imtahanı verəcək.
Bu dəfəki rəqib “Zirə”dir. “Ağ-qaralar” ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda bu rəqibinə 0:1 hesabı ilə məğlub olub.
Cavab qarşılaşmasında heç-heçə və ya məğlubiyyət “Neftçi” üçün mövsümün növbəti dəfə titulsuz, yəni uğursuz başa çatması anlamına gələcək.
Sonuncu dəfə 2016-cı ildə final həyəcanı yaşayan bakılılar o vaxtdan bu yana həlledici oyuna çıxmır. Bu dəfə ələ əla imkan düşüb. “Zirə”ni udursan, yarımfinalda “Kəpəz” – “Turan Tovuz” cütünün qalibini mübarizədən kənarlaşdırırsan,
finalda dişini dişinə sıxıb kuboku başının üzərinə qaldırırsan. Və bu komanda rəhbərlik-məşqçi qarışıq azarkeşlərin gözündə zirvəyə qalxır.
Onsuz da, çempionata ümid qalmayıb. “Qarabağ” qaza elə basıb ki,bundan sonra nə edirsən et, çatmaq mümkün deyil.
Çempionluğu ağdamlıların əlindən almaq üçün Qurban Qurbanov qarışıq bütün kollektiv oranı tərk etməlidir. Yəni bundan sonra 12 xallıq fərqi aradan qaldırmaq şirin xəyal ola bilər ancaq. Hələ “Sabah”ı demirəm.
Əla mövsüm keçirən Murad Musayevin komandası son matçlarda özünə bənzəməsə də, “Neftçi”ni 5 xal qabaqlayır.
İstənilən halda Premyer Liqaya ümid etmək yersizdir. Hətta gümüş medal belə, əldə bayraq olmayacaq. O gümüşü Samir Abasov mayda qazandırmışdı da. Gülə-gülə yola saldılar.
Premyer Liqaya ümid qalmayıb, kubokda son şansdır. “Neftçi” “Zirə” səddini keçə bilməsə, bu, son illərin ən faciəvi nəticəsi olacaq.
Heyətdə 12 legioner ola, komandanın başında rumın Laurentsiu Regekampf dayana, vətənindən bura 4 həmyerlisini gətirə, SOCAR dünyanın pulunu ayıra və sən mövsümü titulsuz başa vurasan.
Dekabrın 20-si “Neftçi”dəkilər üçün “ölüm, ya qalım” günüdür. Məğlubiyyətin cavabı kütləvi istefalar olmalıdır və çox güman olacaq.
Yeni rəhbər Rövşən Nəcəf debütündə uğursuzluğu çətin bağışlasın. Legioner məşqçi və futbolçulara xərclənən milyonların və uğursuzluğun cavabı verilməlidir.
Odur ki, bu, son şansdır. Necə olacağını özünüz fikirləşin.
HƏBİB / SPORTİNFO.AZ

