Runi Eva əlinə düşən fürsətləri boşa verməsəydi, “Turan Tovuz” dirəyə tuş gələn iki zərbəyə üzülməsəydi, “Neftçi” Bakıya 3 xalla yox, əliboş qayıdacaqdı.
Oyunboyu heç nə ilə yadda qalmayan “ağ-qaralar” açıq-aşkar rəqibin kölgəsində qalmışdı.
Bölgə təmsilçisi cari mövsümdə bəlkə də ən yaxşı oyununu məhz “Neftçi”yə qarşı keçirdi. Diqqətsizlik üzündən rəqibə penalti vurmaq imkanı yaradan meydan sahiblərini “nöqtə”yə yaxınlaşan Emin Mahmudov məyus etdi.
Oyun başa çatandan sonra tovuzlu azarkeşlərin məyusluğunu görməyə dəyərdi. Məğlubiyyətlə barışa bilmir, uduzmasına baxmayaraq, futbolçuları alqışlamağı özlərinə borc bildilər.
Lakin “Neftçi” tərəfdə əksi yaşandı. Qonaqlar gəlməsinə rəğmən, azarkeşləri komandadan aşkar narazılıq edir, 3 xalı “ağ-qaralar”ın yox, “Turan Tovuz”un əldə etməli olduğunu yazırlar.
Klubun “feysbuk” səhifəsində qeyd olunan şərhlər “Neftçi”nin hazırkı durumunun dözülməz olduğuna dair sübutdur.
“Təbriklər! Bu, oyun deyildi”.
“İstefa! Bu, oyun deyil”.
“Haradan hara düşmüşük, ay kişi! Uduzsa da, oynadığı oyun ləzzət edən “Neftçi”dən, udsa da, oyunu heç nəyə dəyməyən “Neftçi”yə”.
“Gör, “Neftçi”ni nə günə qoydular ki, qələbəsi də ləzzət etmir”.
“Mən sevinmədim qələbəyə, “Turan Tovuz” layiq idi”.
“Neftçi”nin qələbəsi niyə xoş deyil, bilirsiz? Çünki rəhbərlik futbol adamı deyil”.
“Vallah-billah, bəxtəxuda penalti ilə qələbə olmur. Komandada oyun yoxdur”.
“Geydirmə “11 metrliklər”lə hara qədər getmək olar ki? Evdə xoruz, çöldə fərə ediblər komandanı”.
“Belə oyunla, göydən düşmə penalti ilə 3 xal qazanmaq “Neftçi” adına birbaşa ləkədir. Bizə belə qələbə lazım deyil”.
“Qələbəyə layiq olan “Turan Tovuz” idi. Həmin epizodda penalti verməmək olardı. Komandanı pis günə qoyublar”.
“Komandada məşqçi işi görünmür. Üslub yox, xətlərarası əlaqə yox. Biz 20 nömrəli məktəbdə bunlardan yaxşı oynayırdıq”.
“Qorxaq futbol. “Neftçi” sanki “Barsa”ya qarşı oynayır. Vaxt udurlar. Biabırçılıqdır”.
HƏBİB / SPORTİNFO.AZ

