“Neftçi”li “Aris”i yada saldı, “Zirə“yə söz atdı: “0:1 ciddi fərq deyil“

18 Dekabr 2022 20:00 Neftçi 772
“Neftçi”li “Aris”i yada saldı, “Zirə“yə söz atdı: “0:1 ciddi fərq deyil“

Premyer Liqada “Qarabağ”la “Sabah”dan geri qalan “Neftçi”nin ölkə kubokundakı durumu da ürəkaçan deyil.

“Ağ-qaralar” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşündə səfərdə “Zirə”yə məğlub olmaqla işini çətinə salıb.

Laurentsiu Regekampfın çalışdırdığı kollektiv cavab matçında qələbə qazana bilməsə, bu, “Neftçi” adına ciddi zərbə olacaq.

“Turan Tovuz”la oyuna baxanda, bakılıların zirəlilər qarşısında xüsusi mənada nəsə edəcəyi sual doğururdu.

Qərb səfərindən penaltidən vurulan qolun hesabına 3 xalla qayıdan “Neftçi”nin “Zirə”nin qarşısında əməlli çətinlik çəkəcəyini indidən deyə bilərik.

Komandanın xorvatiyalı qapıçısı İvan Brkiç Sportinfo.az-a verdiyi müsahibədə qarşıdan gələn oyunla bağlı danışıb:

“Bizi qarşıda olduqca çətin oyun gözləyir. Azərbaycan kubokunda ilk görüşdə məğlub olduğumuz “Zirə”ni bu dəfə udmalıyıq ki, yarımfinala yüksəlib yolumuza davam edək.

Özümə və komanda yoldaşlarıma inanıram. Qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik.

Həm də, 0:1 ciddi fərq deyil. 1 qol vurmaqla qələbənin təməlini qoyub hədəfimizə çata bilərik.

Yayda “Aris Limassol”la oyunlarımız yadınızdadır yəqin. Səfərdə 0:2 hesabı ilə yenilməyimizə baxmayaraq, Bakıda 3:0-lıq qələbə ilə növbəti mərhələyə yüksəlmişdik. Yəni istəyəndə məqsədə çatmaq olur".

İvan Brkiç yanvarda müqavilə bağladığı “Neftçi”də bütün yarışlarda 29 oyunda forma geyinib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!