2022-ci il başa çatmaq üzrədir.
Artıq həmkarlarımız ilin ən yaxşı futbolçusunun seçilməsi üçün sorğuya start verib.
Yanvardan dekabra qədər götürsək, bütün yarışlarda sabitlik göstərən və az-çox uğur qazanmağı bacaran futbolçu Ramil Şeydayevdir.
2022-də öz oyunu ilə azarkeşlərin rəğbətini qazanan 26 yaşlı futbolçu qalib adı uğrunda Musa Qurbanlı, Elvin Cəfərquliyev, Riçard Almeyda, Emin Mahmudov, Eddi İsrafilov, Mahir Emreli, Rinat Dadaşov, Ozancan Kökçü kimi həmkarları ilə mübarizə aparacaq.
Namizədlərdən biri olan Emin Mahmudov məlum mövzuyla bağlı fikirlərini dilə gətirib. 2021-ci ilin ən yaxşısı olmuş “Neftçi”nin kapitanı bu il qalibin kim olacağı ilə bağlı suala bu cür cavab verib:
“İndidən nəsə demək çətindir. Ramil Şeydayevin çox yaxşı mövsüm keçirdiyini deyə bilərəm. Hər halda səsvermə və nəticələr maraqlı olacaq. Gözləyək, görək kimi seçəcəklər”.
Bildirək ki, ilin ən yaxşı futbolçusunun seçilməsi üçün “Futbol+” qəzeti ilə İdman Araşdırmalar Mərkəzi hər ilin sonunda ənənəvi sorğu keçirir.
HƏBİB / SPORTİNFO.AZ

