“Neftçi”nin başında Laurentsiu Regekampf kimi birinin dayanması klub adına faciədir, rəzalətdir, yeri gəlsə təhqirdir.
Adamın şəxsi həyatı ilə işim yoxdur. 2 ay əvvəl övladının anası olan həyat yoldaşını küçənin ortasını sillə-təpiyin altına salıb, Dubayda klubda tanış olduğu Rumıniyada məşhur ad olan qadını özünə arvad edib, bu gün Bakıda onunla yaşayır.
İçməkdən gözlərinin altını tor bağlayıb, şişləri eynəklə gizlətməyə çalışır. Özü bilər.
Məni və mənim kimi neçə-neçə adamı narahat edən bu adamın hansı klubda işləməsinin fərqinə varmamasıdır.
Dildə “Neftçi”nin böyük ada sahib olduğunu deməklə özünə xal qazanır. Amma iş əmələ gələndə özünü biabır edir, gülməli vəziyyətə salır.
“Turan Tovuz”la oyundan sonra komandasının bərbad çıxışını meydanın yararsız süni örtüyə bağlayıb təzəcə dərindən nəfəs almışdı ki, bəndənizin “Neftçi”nin son dəqiqələrdə vaxt udması ilə bağlı sualı zamanı hansı keyfiyyətdə məşqçi olduğunu ortaya qoydu.
Dedi, bizim xarakterimiz budur, vaxt udmaq normal haldır və bunu bütün komandalar edir.
Dedi, hesab 1:0 idi, bizi qane edirdi, ona görə də oyunun başa çatmasını gözləyirdik. Hələ onu da dedi ki, indiki vəziyyətdə məni yaxşı oyun yox, nəticə maraqlandırır.
Bu sözlərini dilinə gətirən şəxs “Neftçi”nin baş məşqçisidir. Həm də, “Çelsi”, yaxud “Yuventus”la oyundan sonra yox, Premyer Liqaya bu il yüksələn və büdcədə “Neftçi”dən azı 5-6 dəfə geri qalan “Turan Tovuz”la qarşılaşmadan sonra.
Bir neçə dəqiqə keçəndən sonra yadına “Zirə” ilə kubokun cavab oyunu düşdü və bu haqda danışmaq istəyəndə yenə söyüşə keçdi.
“Turan Tovuz”la bərbad oyun və penaltidən gələn qol hesabına qələbə qazanan komandanın baş məşqçisinin zirəlilərlə prinsipial görüşdən əvvəl ciddi siqnal verəcəyini təxmin etmişdim.
Düşünürdüm ki, futbolçularını ayıltmaq, rəqibə güc göstərmək üçün iddialı danışacaq. “Aris”ə 0:2 uduzandan sonra dilinə gətirdikləri yadıma qalmışdı. Ki, Bakıda 3 qol vurub mərhələni adlaya bilərik, buna gücümüz çatır və sair.
Bu dəfə qorxaq mövqe sərgilədi. “Zirə” ilə oyunda qələbə qazanmağın vacibliyini vurğulayandan bir neçə saniyə sonra futbolda hər şeyin mümkün olduğunu deyib bir növ mümkün məğlubiyyətə də işarə vermiş oldu. İndidən işini ehtiyatlı tutması sirr deyil.
Regekampf Azərbaycana qazlı gəlmişdi. Başını tik tutar, qolları bədənindən xeyli aralı gəzərdi. İndi əksini görürük.
Rumıniyalı çalışdırıcı uduzduğu matçlardan sonra hər cür bəhanələrə əl atır. Sanki gecədən fikirləşir, jurnalistlərin önünə çıxanda sözləri muncuq kimi düzür.
“Neftçi”nin hansı məna kəsb etdiyini bilməməsi isə hər dəfə onu gülünc vəziyyətə salır. Səsləndirdiyi fikirlər də çox vaxt klub adına təhqirdir, camiəni söymək deməkdir.
Yəqin ki, “Neftçi” rəhbərliyi yayda komandaya dəvət etdiyi baş məşqçiyə baxıb zövq alır. Belə olmasaydı, ağzını yuman, reallığı başa salan olardı ona.
Allah sizə rəhmət eləsin, Böyükağa Hacıyev!
HƏBİB / SPORTİNFO.AZ

