“Neftçi”nin ikinci komandasının baş məşqçisi Rəşad Abdullayev ağır cəza alıb.
Bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib.
Gənc mütəxəssis 1-ci divizionun 14-cü turunun “Araz Naxçıvan” - “Neftçi-2” oyununda baş verənlərə görə cəza alıb.
Abdullayev oyunun 58-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılıb. O, 5 matçlıq cəzalanıb və klub 400 manat cərimə edilib.
Başverən qalmqalla bağlı 41 yaşlı çalışdırıcı saytımıza açıqlama verib. O, sərt qərardan narazılığını dilə gətirib:
"Bizim komanda kimi intizamlı kollektiv çempionatda tək-tükdür. Futbolçularımın intizamından şəxsən razıyam.
Bu, bizdə hər zaman yüksək səviyyədə olub. Futbol oynadığım zaman da, məşqçilik həyatımda da hakimlərlə heç bir konfiliktim olmayıb. Hər zaman qaydalara əməl etmişik.
Amma “Araz Naxçıvan”la oyunda hakimlər futbolçularımı elə həddə gətirdi ki, hamısı qıcıqlanmağa başladı. Belə bir şey görməmişəm.
Arxada qalan 14 tur ərzində bir futbolçum belə rəqibi təhqir etdiyi, hakimə narazılıq bildirdiyi üçün vərəqə almayıb.
Qırmızı vərəqə isə heç kim almayıb. Sarı vərəqlər də oyun epzioduna görə verilib. Bu da normaldır.
Futbol mübarizə, emosiya oyunudur. Bütün futbol matçlarında məşqçilərin hakim qərarlarına etiraz etməsini görürük.
Sadəcə, bu qarşılaşmada hakim verdiyi qərarlarla hər şeyi bu həddə gətirdi. Liderlik uğurunda gərgin keçəcəyi gözlənilən vacib oyun idi. Amma belə hakim idarəçiliyi əsəbləri tarıma çəkdi.
İş o həddə gəldi ki, ehtiyat skamiyada olan 15-16 yaşlı uşaqlarımız da sarı vərəqə ilə cəzalandı.
Biz klub olaraq ondan razı deyilik. Hələki onunla bağlı veriləcək qərarları gözləyəcəyik. Öz haqqımızı tələb edəcəyik".
XANOĞLAN / SPORTİNFO.AZ

