“Neftçi” yeni dönəmə qədəm qoyub.
Müşahidə Şurasının sədri postunda Çingiz Abdullayevi SOCAR-ın prezidenti Rövşən Nəcəfin əvəz etməsi gələcək adına ciddi siqnaldır.
Klub və komandada dəyişikliklərin olacağı gün kimi aydındır. Ölkənin neft sektoruna cavabdehlik daşıyan şəxs klubdakı icraçılardan hesabat tələb etməklə özü üçün çək-çevir edəcək. Sonra isə tapşırıqlarını verəcək.
Ümumiyyətlə, son 10 gündə “Neftçi”nin bazasında əməlli canlanma müşahidə olunmaqdadır. Hər kəs qaçhaqaçdadır, iş başdan aşır. Yeni rəhbərin etimadını qazanmaq üçün son dərəcə sürətli və diqqətli olmaq lazımdır.
Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə söhbətdə Rövşən Nəcəfin gəlişindən sonra baş verə biləcək dəyişikliklər və qarşıdakı planlarla maraqlandıq:
“Klubdakı iclas haqda məlumat vermişdik. Həmin görüşdən sonra iş davam edir, dayanmırıq. İclasdan sonra tapşırıqlar verilmişdi ki, onlar icra olunmaqdadır.
Planlar qurulur, bunlarla bağlı hesabatlar verilir. İstər struktur olsun, istər komanda, istər akademiya, istərsə də media və marketinq – hər sahədə iş gedir.
Bütün işlər başa çatandan sonra Müşahidə Şurası yenidən bir araya gələcək və çox güman, həmin iclasda qərarlar veriləcək.
Hələ ki, yenilik və dəyişikliklər barədə danışmaq üçün tezdir. İclasın hansı tarixində keçiriləcəyini də bilmirəm”.
“Neftçi”də Müşahidə Şurasının yenilənməsindən sonra klubda və komandada bir sıra dəyişikliklərin olacağı sirr deyil. Çox güman, bu ayın sonuna qədər yeni qərarlar qəbul olunacaq.
HƏBİB / SPORTİNFO.AZ

