Rövşən Nəcəf “Neftçi”də Müşahidə Şurasının yeni sədridir.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin rəhbəri bundan sonra həm də ölkənin ən köklü klubunda əsas söz sahibi olacaq.
Artıq strukturla bağlı yeniliklər olub, şuranın digər üzvlərinin adına aydınlıq gəlib. Lakin klubun əməkdaşları yeni rəhbəri sosial media səhifələrində təqdim etməyə tələsmir.
“Neftçi”nin rəsmi saytında Rövşən Nəcəf Müşahidə Şurasının yeni sədri kimi göstərilsə də, dekabrın ilk günündən bu yana rəsmi xəbər dərc olunmayıb.
Rəsmi təqdimatın gecikməsinin və ya ümumiyyətlə bu haqda məlumatın verilməməsinin səbəbini öyrənmək üçün “ağ-qaralar”ın Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq:
“Təqdimatın hələ ki, bu şəkildə olması məsləhət görülüb. Yalnız klub saytında adlarla bağlı dəyişiklik etmişik.
Nə vaxt rəsmi elan veriləcək? Onu deyə bilmərəm. Nə vaxt deyilsə, həmin vaxt”.
1982-ci ildə Bakıda dünyaya göz açan Rövşən Nəcəf buna qədər Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi, ARDNŞ-də Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi, İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf nazirinin köməkçisi, Azərbaycan Respublikası Prezident Adminstrasiyasında İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifələrində çalışıb.
HƏBİB / SPORTİNFO.AZ

