"Yerli oyunçu ilə bağlı problemlərimiz var idi".
Bu, "Zirə" ilə oyundan (0:1) sonra "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın növbəti dəfə yerli futbolçulardan şikayətinin bir hissəsidir.
Eyni hal dəfələrlə yaşanıb. Ki, əcnəbi mütəxəssis azərbaycanlı futbolçunun azlığından, səviyyəsindən, komandaya etdiyi köməkdən şikayətçi olub.
Bəs, əcnəbilər? Olmaya, Regekampf üçün gəlmələr qızıl dəyərindədir və "Neftçi"ni göylərdə gəzdirirlər xəbərimiz yoxdur?
Əslində isə "ağ qaralar"ın ən böyük problemi legionerlərlə bağlıdır. Komandada milli komandanın vacib fiqurlarından olan Eddi İsrafilov, Emin Mahmudov və Azər Salahlı kimi yerli statsulu futbolçular var. Fərqli mövqelərdə çıxış edən adıçəkilənlər kifayət qədər səviyyəli oyunçulardı. Guya digər klublarımızda sanbalı yerli sayı nə qədərdi? "Qarabağ"ı çıxsaq, əksəriyyətində say heç 3-ə qalxmaz. Eddi və Emin səviyyəsində yerliyə isə, məncə, "Qarabağ" da həsəd apara bilər.
Statistika da göstərir ki, paytaxt klubu daha çox yerlilərdən xeyir görür.
Emin Mahmudov (9 qol, 3 asist), Eddi İsrafilov (2 qol) və Azər Salahlı (1 asist) üçlüyü 15 qolun birbaşa iştirakçısı olublar. Buna isə komandanın vurduğu 31 qolun yarısı demək olar. İsrafilov və Salahlı uzun müddət zədədən əziyyət çəkmiş olmasaydılar, yəqin ki, göstəricilər bu gün daha parlaq olacaqdı.
Nəzərə alaq ki, adıçəkilənlərin heç biri nə forvard deyil, nə də vinger. Nisbətən kapitanı ön xətt oyunçusu saymaq olar. Amma o da adətən meydanın dərinliklərindən hücum qurmaqla yadda qalır.
Bəs, ön xəttə yer alan əcnəbilər nə iş görür?
“Ağ qaraların önəmli simalarından olan Yusuf Laval 17 oyunda adında 1 qol və 1 asist yazdıra bilib.
Gürcüstanlı Vato Arveladze 9 oyunda cəmi 1 asistlə nəticələrə qatqısını qata bilib.
Braziliyalı Gilyerme Patonun 11 oyunda aktivində Laval kimi 1 qol və 1 asist var.
Belaruslu Boqomolski 14 oyunda 2 qol və 3 asistlə varlığını göstərməyə çalışıb.
Aktivliyi nisbətən diqqət çəkənlər isə Ata Caber (4 qol, 3 asist), Kenni Sayef (3 qol,3 asist) və Qodsvey Donyodur (4 qol və 3 asist).
Görüdüyü kimi, mənzərə ürəkaçan deyil. Amma bunun qarşılığında həmin gəlmələrə gözün üstə qaşın var deyən yoxdur.
Halbuki əcnəbi futbolçu yerlidən minimum bir baş üstün olmaldır. Ancaq göstəricilər bizə göstərir ki, heç bərabərində olmayan çox sayda gəlmə var. Regekampf yerlilərdən danışan kimi onları təmizləsə daha doğru olar.
XANOĞLAN İMANOV

