“Neftçi”nin istedadlı və xoş gələcək vəd edən futbolçularından olan Vüsal Əsgərov qış fasiləsində iş yerini dəyişə bilər.
“Neftçi-2”də baş məşqçi Rəşad Abdullayevin ən çox güvəndiyi futbolçulardan olan 21 yaşlı yarımmüdafiəçi əsas komandanın məşqlərində iştirak etsə də, Laurentsiu Regekampf ona güvənmir.
Odur ki, Premyer Liqa klubları Əsgərovu heyətinə qatmaq həvəsinə düşüb.
Konkretləşdirsək, Mahmud Qurbanovun çalışdırdığı “Səbail”lə istedadlı gənclərə güvənməsi ilə seçilən “Şamaxı” Vüsalı icarəyə götürmək üçün hərəkətə keçib.
“Neftçi” rəhbərliyinin maraqlanan klublara hansı cavab verəcəyi dəqiq deyil. Dəqiq olan budur ki, səbəbkar Premyer Liqada oynamaq üçün alışıb-yanır və özünü buna tam şəkildə hazır sayır.
Ötən mövsüm yüksək dəstədə 9 oyunda 474 dəqiqə top dalınca qaçmaqla aktivinə 1 qol yazan futbolçu Regekampfın dönəmində 2 qarşılaşmada vur-tut 75 dəqiqə oynayıb.
HƏBİB / SPORTİNFO.AZ

