Emin Mahmudov üçün çətin keçən 1 həftə - O, nəyi doğru, nəyi yanlış etdi?

11 Dekabr 2022 13:00 Neftçi 1 311
Emin Mahmudov üçün çətin keçən 1 həftə - O, nəyi doğru, nəyi yanlış etdi?

“Neftçi”nin Premyer Liqanın 16-cı turunda “Qarabağ”a 0:4 hesablı məğlubiyyəti futbolçuların yaddaşında, həm də fanatların onları ağır söyüşlərə “qonaq etməsi” ilə qalacaq.

Xüsusi ilə kapitan Emin Mahmudovun “Forza Neftçi” azarkeş qrupu olan tribunadan söyüş sədaları altında uzaqlaşması və paltardəyişmə otağına gedən tunelə yaxınlaşarkən formasını çıxarması böyük müzakirələrə yol açmışdı.

Mahmudovun “ağ qaralar” üçün az xidmətləri olmayıb. Bir kapitan kimi daim meydanda can qoyub, tribunaların alqışını qazanıb və haqqlı olaraq sevimli simaya çevrilib.

Amma bir andaca onun da təhqir olunması gözlənilməz olmuşdu.

Hətta başverənlərə görə, onun klubu tərk edəcəyini ehtimal edənlər də vardı. Formasını çıxarması bunun mesajı kimi qəbul oluna bilərdi.

Lakin təcrübəli futbolçu ağır günlərdə hissləri yox, peşəkarlığı ilə yadda qalmağı bacardı. Arxada qalan bir həftə ərzində sosial şəbəkələr üzərindən onun bu mövzuda hər hansı paylaşımını, mətbuata açıqlamasını görmədik.

“Zirə” ilə ölkə kubokunun ilk görüşündə (0:1) isə 90 dəqiqə meydanda oldu. Deməli, xarakteri var, psixoloji durumu yerindədir. Əks halda, Regekampf onu əsas heyətdə şans verməz və ya sona kimi meydanda saxlamazdı.

Məncə, Mahmudov belə həssas məqamda hər şeyi çox doğru etdi.

Düzdü, o, qarşılaşdığı münasibətə layiq deyildi. Hər hansı qərarına görə də qınana bilməzdi.

Amma düzü və səhvi ilə “azarkeş hər vaxt haqqlıdır” deyimini də unutmaq olmaz. Hər nə qədər bununla razılaşmasam belə. Əgər meydanda komandaları biabır olursa, tribunadan sərt reaksiya vermələri normaldır. Bir qədər qabağa gedilsə də...

Bunun ən layiqli cavabi isə həmin tribunalar önündə yaxşı matçlar keçirməkdən, qələbələr qazanmaqdan keçir. Emin Mahmudov da bura qədərki davranışın davamını oxşar senari ilə davam etdirməlidir. Təbii ki, komanda yoldaşlarının dəstəyi ilə. Çətin, yox, çox çətin görünsə də!

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!