Regekampfın böyük yalanı!

9 Dekabr 2022 20:00 Neftçi 901
Regekampfın böyük yalanı!

“Neftçi” ölkə kubokuna da uğursuz start verdi.

İlk matç səfərdə “Zirə”nin qonağı olan bakılılar minimal hesablı məğlubiyyət (0:1) yaşadı.

54-cü dəqiqədə Rəhim Sadıxovun vurduğu əla qola “Neftçi”də cavab verəcək bir kimsə tapılmadı.

Ümumiyyətlə, hər iki tərəf adına da çox sönük, qol epizodlarının kasad olması ilə yadda qalan bir matç izlədik. Bunun məntiqi nəticəsi olaraq görüşdən sonra mətbuat konfransında Rəşad Sadıqov “hər iki komanda da bir-birinə oynamağa imkan vermədi” dedi.

Belə futbol meydan sahibləri üçün hardasa başa düşüləndir.

Rəqib “Neftçi”dirsə Sadıqovun oyunu müdafiədən qurması, qarşı tərəfin oynamaq imkanlarının məhdudlaşdırılması tam anlaşılandır. Bəs, “ağ qaralar”a nə söz?

Axı onlarda heyət daha böyük, büdcə daha münasib, şərtlər daha yaxşıdır.

Amma bunun qarşılığında qonaqların “Zirə”nin qapısına ilk normal hücumla yaxşınlaşdığı 55-ci dəqiqəyə təsadüf edir. Onda da Yusuf Lavalın uzaqdan zərbəsinə Mehdi Cənnətov yaxşı reaksiya verə bilib.

Oyunda “Neftçi” adına qeyd edə biləcəyimiz ikinci hücum 67-ci dəqiqədə olub. Bu dəfə rəqib hücumçunun baş zərbəsindən sonra Cənnətov yenə yerində müdaxiləsi ilə yadda qalıb.

Vəssalam! Regekampfın yetirmələrinin Zirədəki fəaliyyət(sizliy)i bundan ibraət olub. 90 dəqiqə və iki tutarlı, amma 100%-lik qol epizodu olaraq dəyərləndirilməyən hücum.

Normalda klubun baş məşqçisi oyundan sonra meydandakı mənzərəyə görə utanmalı, üzr istəməli, xəcalət çəkməliydi. Bəlkə də istefa verməliydi.

Amma rumıniyalı nə dedi? Özünüz diqqətlə oxuyun:

"Düşünmürəm ki, bu gün pis oynadıq. Yaratdığımız qol epizodlarını başa vurmaq alınmırdı. Rəqib demək olar ki, bütövlükdə müdafiədə oturmuşdu və bizi əks-hücumda tutmaq istəyirdi. Oyunboyu bir epizodları oldu, onu da qola çevirdilər. Onlar hücum edəndə, bunu foulla bitirmək lazım idi”.

Elə oyundan sonra belə açıqlama verməyin adı təkcə “Neftçi” rəsmilərini yox, azarkeşlərini yox, ümumilikdə bütün futbol ictimaiyyətini aldatmaqdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"