“Neftçi”də oynayırsansa... Qaraya olar, sizə yox!

5 Dekabr 2022 23:20 Neftçi 1 303
“Neftçi”də oynayırsansa... Qaraya olar, sizə yox!

Canı canımdan, qanı qanımdan olan hər bir futbolçunun xətri mənim üçün əzizdir.

İstər Qara Qarayev olsun, istər Emin Mahmudov, Elvin Cəfərquliyev və ya Azər Salahlı. Aralarında ciddi fərq qoymuram.

Top dalınca qaçır, 3-5 manatlarını qazanır, ölkə futbolunun adını uca tutmağa çalışırlar.

“Vay o günə ki, “Neftçi”ylə “Qarabağ”ın futbolçuları eyni reklam çarxında yer ala, bir-biri ilə zarafat edə. Bax, həmin an başıma qaynar qazandan su tökülür elə bil.

Çünki “Neftçi” azarkeşləri heç bir halda bunu qəbul etmir. Mahmudovla Qarayevin eyni səhnəni bölüşməsi və ya Salahlının kostyum reklam etməsi illərini ağ-qara rənglərə qurban verənləri qəzəbləndirir” - o gün vaxtilə “Neftçi”də futbol oynamış, məşqçi işləmiş, bu gün bakılıların 1 oyununu belə buraxmayan bir nəfərlə söhbət edəndə bunları ondan eşitdim.

Deyir, “Qarabağ”la “Neftçi”nin arasında bu cür rəqabət varkən, rəqib futbolçuların eyni anda kamera qarşısında şirin zarafat etməsi qəbulolunmazdır. Deyir, bu, azarkeşləri vecə almamaq, dostluq münasibətini açıq-aşkar göstərməkdir.

Həmin bu adamın futbol oynadığı dönəmdə də futbolçular bir-biriləri ilə dostluq edirmiş, yeyib-içirmiş, hətta evlərinə gedib-gəlirmişlər. Amma bunu azarkeşlərə göstərməyiblər. Çalışıblar gizli qalsın. Ki, sabah “Neftçi” “Qarabağ”a, ya da “Xəzər Lənkəran”a uduzanda, hal şahidi olan azarkeş qıcıqlanmasın, dostlardan birinin digərinə güzəşt etdiyini düşünməsin.

Deyir, “Neftçi” çempionluq hədəfindən qayıtması mümkünsüz görünən qədər uzaq düşüb, futbolçular sosial şəbəkə platformalarında bir-biri ilə zarafat edir, biri reklam çarxında görünür, bir başqası oyunun ertəsi sevgilisi ilə şəkillərini paylaşır.

Təbii, həyat təkcə top və meydandan ibarət deyil. İnsanın şəxsi həyatı olmalıdır, kimlərləsə dostluq etməlidir, deyib-gülməlidir. Sadəcə bunu ağıllı formada etmək lazımdır ki, azarkeşlər görüb qıcıqlanmasın.

Yəni “Neftçi”də oynayırsansa, əynindəki formanın mahiyyətini bilməli və ona uyğun addım atmalısan. Bu gün geyindiyin ağ-qara rəngli forma ilə indiyə qədər bir dəfə də olsun medal qazanmayan, avrokuboklarda iştirak etməyən “Sabah”a turnir cədvəlində aşağıdan yuxarı baxırsansa, deməli susmalı, lazım gələndə gizlənməlisən.

Bu gün “Qarabağ”ın, “Sabah”ın, hətta “Turan Tovuz”la “Şamaxı”nın futbolçuları sosial şəbəkədə istədiyini edə bilər. Çünki azarkeşləri qıcıqlanmayacaq. Komandaları hələ ki, istədiyi nəticəni almaqdadır. Amma “Neftçi” və onun futbolçuları... Bir müddət diqqətdən kənarda qalmalı, azarkeşlərini nəticələri ilə sevindirməlidir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"