"NEFTÇİ" və "QARABAĞ": Əzəli, yoxsa məzəli rəqib?

4 Dekabr 2022 22:20 Neftçi 852
"NEFTÇİ" və "QARABAĞ": Əzəli, yoxsa məzəli rəqib?

“Neftçi” tarixi derbidə “Qarabağ”a yenə uduzdu 0:4.

Doğma meydanda aktivlik faizinin yüksək olacağı gözlənilən meydan sahibləri ilk dəqiqələrdən öz qapısının müdafiəsinə qalmaq taktikası seçdi.

Amma müdafiə olunmaq da bütün komandanın yox, yalnız bir şəxsin – İvan Brkiçin boynuna qaldı/biçildi.

Digərlərinin isə ora-bura vurduğu topları ağdamlılar səliqəli formada ələ keçirib, səliqəli formada hücumlar quraraq xorvatiyalının qapısına kimi gəlirdilər.

Sadəcə ilk hissə darmadağının olmaması məhz Brkiçin möhtəşəm çıxarışları sayəsində mümkün oldu.
İkinci yarıda o da “ağ qaralar”ın dadına çatmağı bacarmadı. Əksinə, bəzən yoldaşlarına da qoşuldu. Məsələn, buraxılan 4-cü qolda olduğu kimi.

"Neftçi"li futbolçular sanki meydana nəyə çıxdılarını anlamırdılar. Ən azından derbi olduğunu onlara xatırlatmaq lazım idi.

"Neftçi"li futbolçular fərqində olmalıydılar ki, qarşılarındakı əzəli rəqib "Qarabağ"dır. Bu komandaların arasındakı oyunlar turnir cədvəlində qərarlaşdıqları yerdən, hazırda olduqları durumdan asılı olmayaraq hər zaman gərgin keçib/keçməlidir!

Bu gün "Qarabağ"ın daha güclü olması belə meydanda aciz "Neftçi" olmağa səbəb olmamalıdır.

Artıq hər keçən oyun bu derbidən əsər-əlamət qalmır. Əzəli rəqib özünü daha çox məzəli rəqib kimi aparmağa başlayıb. Sanki darmadağınlardan həzz alırlar. Hər halda ardıcıl 6 görüşdə əzəli rəqibə boyun əyməyə başqa nə ad verəsən?

Acısını isə zavallı fanatlar çəkir. Nə vaxt kimi?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti